Türkiyə ilə Yunanıstan arasında müsbət gündəm çərçivəsində danışıqlar davam edir. Yunanıstanın paytaxtı Afinada iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.
SİA-nın məlumatına görə, bu gün isə iki ölkə arasında siyasi dialoq görüşü olacaq. Hər iki görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini, səfir Mehmet Kamal Bozay rəhbərlik edir.
Dünənki iclasda, Türkiyə ilə Yunanıstan arasında "Ağıllı Şəhərlər" mövzusunda ''Hackathon'' yarışması üçün müraciətlərin başladığı açıqlanıb. Müsabiqənin məqsədi, türk və yunan gəncləri arasında innovasiya, əməkdaşlıq və qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir. Müsabiqənin finalı 2025-ci ilin fevralın 20-də keçiriləcək, mükafat mərasimi isə fevralın 27-də Afinada baş tutacaq.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Afinada keçirilən 4-cü Türk-Yunanıstan Media və Akademiya Forumunun iştirakçılarına videokonfrans vasitəsilə müraciət edib. Fəxrəddin Altun Türkiyə ilə Yunanıstan arasında əməkdaşlığın zəruriliyini vurğulayaraq, dialoq kanalının açıq saxlanılmasının vacibliyini qeyd edib. O, “Bizim vəzifəmiz problemlərimizi başqaları ilə deyil, bir-birimizlə danışmaqdır” deyərək, Türkiyənin Yunanıstanı daha çox dinləməsi və anlaması, Yunanıstanın isə Türkiyəni daha çox dinləməsi lazım olduğunu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın keçən il Afinaya etdiyi səfəri müsbət dialoqun ən mühüm göstəricilərindən biri adlandıran Fəxrəddin Altun bu müsbət atmosferin davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.