Rusiyada “samaqonşik”lərin bazarı bağlanır..?

4 Dekabr 2024 00:05 (UTC+04:00)

...Rusiya tənzimləyici orqanları ölkədə saxta spirt istehsalçılarını aşkar etmək üçün kosmosdan alınan məlumatlardan istifadə etməyə başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Maliyyə Nazirliyinin dekabrın 3-dən qüvvəyə minən əmrindən irəli gəlir.

Sənəddə deyilir ki, istehsal obyektlərindən sui-istifadə edən müəssisələr axtarılarkən nəzarət orqanları binalardan istilik radiasiyasının səviyyəsinin dəyişməsinə, tüstünün mövcudluğuna, dəmir yolu və yük nəqliyyatının hərəkətinə nəzarət etmək üçün kosmosdan Yerin məsafədən zondlanmasından istifadə edəcəklər.

Sərhədlərində spirt istehsalı müəssisələrinin qeydiyyata alındığı torpaq sahələri, o cümlədən lisenziyası dayandırılmış spirt istehsalı üçün avadanlıqlar ciddi nəzarətə götürüləcək. İstehsal fəaliyyətinin əlamətləri ardıcıl iki gündən çox qeydə alınarsa, nəzarət orqanları obyektə ciddi diqqət yetirməli, səbəbləri anlamalı və müvafiq tədbirlər görməlidir.

Bundan əvvəl yalnız Daxili İşlər Nazirliyinin əməkdaşları spirt zavodunun qanunsuz fəaliyyət göstərdiyini və yalnız müəssisəyə reyddən sonra sübut edə bilirdilər.

Məsələ bundadır ki, hər il araqçəkənlərə görə federal büdcə 70-80 milyard rubl itirir.

Qeyd edək ki, bunu büdcə və maliyyə bazarları üzrə Federasiya Şurasının komitəsinin sədr müavini Sergey Ryabuxin bildirib.

İddialara görə, Ukraynada müharibə başlamazdan əvvəl Rusiyada qeyri-qanuni spirt istehlakı "təhlükəli yüksək səviyyədə" olub. Belə ki, ölkədəki alkoqol istehlakının ümumi həcminin 26-35 faizi saxta yollarla satışa yol tapırdı.

Rusiya ordusunun Ukraynaya müdaxiləsindən və Rusiyada sanksiyaların tətbiqindən sonra rəsmi statistikada nəzərə alınan spirtli içkilərin satışı kəskin şəkildə azalıb.

Amma, “məsələdən duyuq düşən” Dövlət Duması qeyri-qanuni bazarın artdığını elan edib.

Ekspertlər bu gün bəzi rusların "çox vaxt aşağı keyfiyyətli materiallardan və ya hətta surroqatlardan hazırlanmış" daha ucuz analoqlara keçdiyini elan ediblər.

...Və yeri gəlmişkən, bu arada Maliyyə Nazirliyi büdcəni doldurmaq üçün alkoqolun minimum alış qiymətini artırmağa davam edib, bunun da əhəmiyyətli hissəsi Ukrayna ilə müharibəyə sərf olunur.

Qeyd edilməlidir ki, 2025-ci ildən 0,5 litrlik araq üçün minimum qiymət 299 rubldan 349 rubla qədər artacaq. Konyak - 556 rubldan 651 rubla, brendi isə 403 rubldan 472 rubla qədər qaldırılacaq.

Əli Babayev