“İşğaldan azad olunmuş ərazilərə dövlət büdcəsindən son illər ərzində 22 milyard manat vəsaitin ayrılması və həmin ərazilərdə bərpa-quruculuq, tikinti-abadlıq işlərinin sürətlə aparılması, əhalinin məskunlaşma prosesinin həyata keçirilməsi göstərir ki, Qarabağ və Şərqi Zəngəzur torpaqları ölkə rəhbərinin də dediyi kimi qısa zamanda cənnətə çevriləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, işğaldan azad edilmiş torpaqlar böyük kənd təsərrüfatı potensialına malikdir: “Uzun müddət işğal altında olan torpaqlar düşmən tərəfindən yararsız vəziyyətə salınsa da həmin torpaqlarda artıq mühüm tədbirlər həyata keçirilir və həmin torpaqlar artıq əkin dövriyyəsinə daxil edilib. Artıq statistik məlumatlara görə, 600 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilməyə hazırdır. Sözsüz ki, həmin torpaqların istifadəyə verilməsi regionda kənd təsərrüfatının inkişafına böyük təkan verəcək.
Əlbəttə işğaldan azad edilmiş ərazilərimiz ilk olaraq minalardan təmizlənməli, təhlükəsizlik bərpa olunmalıdır, insanlar həmin ərazilərə qayıtmalı və aqrar sahədə nəzərdə tutulan tədbirlər həyata keçirilməlidir. Bunun üçün hökumətin müəyyən planları, dövlət proqramları var və bütün işlər layihələr əsasında həyata keçirilir. Vaxtilə sözügedən torpaqlarda pambıq, üzüm, taxıl yetişdirilib. Həmin torpaqlardakı dağlıq ərazilər isə heyvandarlığın inkişafı üçün çox əhəmiyyətlidir. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Bunun üçün lazım olan maliyyə vəsaiti ayrılıb, texniki proseslər həyata keçirilir və ölkə rəhbərinin tapşırıqları əsasında həmin torpaqların əkin dövriyyəsinə daxil edilməsi artıq gündəmdədir”.