"Əcnəbilərlə ailə quran xanımlar hər zaman olub, hal-hazırda da bu davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.
O bildirib ki, hətta tariximizə nəzər saldıqda keçmiş dövrdə də padşahların əcnəbi ailə qurduğunun şahidi oluruq: "Sadəcə keçmiş dövrdəki məqsəd hal-hazırdakı bu addımı atmaqlarının məqsədi ilə fərqlidir. Keçmişdə nəsli davam etdirmək məqsədilə bu qərarı verirdilərsə, hal-hazırda xanımlar daha sərbəst olmaq, əcnəbi ölkələri səyahət edib, ölkə xaricinə çıxmaq, daha az qınanılmaq, mentalitetin çərçivələrindən uzaqlaşaraq yaşamaq üçün edirlər. Çünki Azərbaycan kişilərinin əksəriyyəti ailədə idarəçi olmaq istəyir. Həmçinin İslam dinində də kişiyə verilən səlahiyyətlər qadına verilən səlahiyyətlərdən çoxdur. Kisilərlə müqayisədə qadınlar yeniliyə daha çox açıq olduqlarından, statistikada da əcnəbiylə ailə quranlar daha çox qadınlardır. Onların müəyyən qismi atdıqları addımdan məmnunluq duysa da, müəyyən qismi bu qərarlarından peşman olur. Kimi üçün uğurlu, kimi üçün uğursuz olur. Buradan belə nəticəyə gəlmək olar ki, önəmli olan xarakter xüsusiyyətlərinin uyğunluğu, qarşılıqlı anlaşma və güzəştə getmə bacarığıdır.
Müasir gənc xanımların bu addımı atmaları yaşlı nəsli də narahat edir. Böyüklər düşünür ki, əcnəbiylə ailə qurmaq istər-istəməz genetikamızın dəyişməsinə də öz təsirini göstərəcək. Əvvəlki dövrlərə baxanda xeyli normallaşsa da, bunu milliyyətçilik baxımından ciddi problem hesab edənlər hələ də vardır".