Azərbaycan Mərkəzi və Şərqi Avropa regional qrupuna sədr və COP16 Bürosuna üzv seçilib

3 Dekabr 2024 12:58 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində 2-13 dekabr tarixlərinda keçirilməkdə olan BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr və COP16 Bürosuna üzv seçilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sədrlik dövründə Azərbaycan həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

"Qrupa Azərbaycan ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövlətləri daxildir. 2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və s. prioritet sahələr müəyyən olunub",-məlumatda qeyd edilib.

Diqqətə çatdırılıb ki, 12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarətin və gələcək COP iclasları üzrə işlərin təşkilidir:

"COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir".