Qazaxıstan aylıq taxıl daşınması rekordu qırıb

3 Dekabr 2024 06:03 (UTC+04:00)

Noyabr ayında “Qazaxıstan Dəmir Yolları” SC şəbəkəsi ilə 1,4 milyon tondan çox taxıl daşınıb. Bu həcm bir ay üçün rekord göstərici olub. SİA KDY-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bir milyon tondan çox taxıl ixrac edilib, 350 min tonu isə ölkə daxilində paylanıb.

Sentyabr-noyabr aylarında taxıl daşımalarının həcmi 3,7 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz çoxdur.

“Yeni məhsuldan taxıl ixracı 2,9 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə 51 faiz çoxdur. Əsas ixrac istiqamətləri müsbət dinamika nümayiş etdirir: Mərkəzi Asiya ölkələrinə artım 35 faiz təşkil edib, Əfqanıstana göndəriş 58 faiz artıb. İran istiqamətində daşıma keçən il 14 min tona qarşı 356 min tona çatıb. Çinə 445 min ton göndərilib ki, bu da qəbul edən tərəfin maksimum imkanlarına uyğundur”, – deyə şirkətdən bildiriblər.

KDY qeyd edib ki, şirkət taxılın Rusiya bazarlarına, eləcə də yeni istiqamətlərə fasiləsiz çatdırılmasını təmin edir. Xüsusən də, iki ayda Azərbaycana 104 min ton taxıl göndərilib.