Hakan Fidan Suriyadakı hadisələrə münasibət bildirdi

2 Dekabr 2024 18:05 (UTC+04:00)

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmağın hazırkı mərhələdə yanlış olacağını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Ankarada rəsmi səfərdə olan İranın xarici işlər naziri Abbas Ərakçi ilə nazirlikdə təşkil edilən ortaq mətbuat konfransında çıxış edən H.Fidan Suriyadakı son hadisələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirərək deyib: "İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı bir xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olar. Bu, Suriya ilə bağlı faktları anlamaq istəməyənlərin işinə gəlir.

Astana prosesi meydandakı qaynar və gərgin qarşıdurmaların dayandırılmasını, siyasi sahədə hökumətlə müxalifət arasında əlaqə qurulmasını təmin etdi.

Suriyada genişmiqyaslı qarşıdurmaların yenidən başlamasının səbəbi bu ölkənin bir-birinə bağlı problemlərinin 13 ildən artıqdır ki, həll edilməməsidir. Hökumətin müxalifətin qanuni tələblərinə məhəl qoymaması və siyasi proseslərdə səmimi iştirak etməməsini səhv hərəkətdir.

Suriyada mülki şəxslərə qarşı hərtərəfli hücumlar vətəndaş müharibəsini yenidən alovlandırdı. Bu mövzuda bütün əlaqədar tərəflərə dəfələrlə xəbərdarlıq etdik.

Son hadisələr bir daha göstərir ki, rəsmi Dəməşq öz xalqı və müxalifətlə güzəştə getməlidir. Türkiyə bu istiqamətdə lazım olan bütün töhfələri verməyə hazırdır”.