"Qadınlar 29 yaşına çatanda panikaya düşməyə başlayırlar" - AYDINLIQ GƏTİRİLDİ

2 Dekabr 2024 17:01 (UTC+04:00)

"Ana, həyat yoldaşı, işçi kimi bir çox rola sahib olan qadınlar, bu bir-birindən fərqli və bəzən toqquşan rolları, bir jonglyorun əlindəki topları fırlatdığı kimi, ən yaxşı şəkildə idarə etməyə çalışırlar, balanslı və heç birini yerə salmadan". Bu sözləri SİA-ya açıqlamasında Ailə/Cütlük Terapevti və Uzman Psixoloq Səbinə Bayramova deyib.

O bildirib ki, artıq yalnız universitetdən məzun olmaq kifayət etmir, magistr, doktorantura və s. ilə həyat keçir: "Artan rəqabət səbəbindən qadınlar daha çox işləmək, daha çox təhsil almaq məcburiyyətində hiss edirlər. Bu dəfə, evlilik yaşı keçir, panikaya düşürlər və bunun ziddiyyətlərini yaşayırlar. New York Universiteti və Princeton Universitetində qadın psixologiyası üzərində aparılan araşdırmalar göstərir ki, adətən 29 yaşına çatanda qadınlar panikaya düşməyə başlayırlar. Xüsusilə ciddi bir münasibəti yoxdursa, təcili birini tapmalı, evlənməli və uşaq sahibi olmalıyam deyə düşünürlər. Nəticə etibarilə bu dövrdə yanlış evliliklər ola bilər. Doğru həyat yoldaşı olub-olmadığına baxmırlar, uşaq sahibi olum deyə baxırlar. Bu dünyanın hər yerində belədir və getdikcə boşanmaların artmasının səbəbi də budur. Müraciətlər arasında son bir ildir 30 yaşlarda, subay, uşaq sahibi olmaq istəyən çox insan gəlir, çünki eyni zamanda karyera qarışıqlığı yaşayırlar, karyeralarında müəyyən bir nöqtəyə çatmağa çalışarkən “uşaq dünyaya gətirməliyəm, bioloji saatım keçir” deyə panikaya düşürlər. Ailələrin də “nə zaman evlənirsən, bu qədər oxumaq kifayət etmədimi?” şəklindəki təzyiqləri insanları küncə sıxılmış hiss etdirir.

Uşağı olmayan işçi qadınların uşaq sahibi olmaq üçün bioloji saatla karyera planlaması arasında sıxışıb qalmaları, uşağın karyeralarına zərər verəcəyindən narahatlıqları, iş, həyat yoldaşı və uşaqlar arasında balansı qura bilməmə qorxusu, müasir dünyada işçi qadının ən böyük kabusudur. Bu rolların toqquşmasından yaranan problemlər nəticəsində tükənmişlik sindromu yaşayan və rollarına yetişə bilmədiklərindən şikayətlənən, günahkarlıq hissi keçirən qadınlar psixoloqların qapısını döyürlər.

Cleveland Clinic-in apardığı araşdırmaya görə, rol toqquşmalarının nəticəsi olaraq gərgin münasibətlər, fiziki sağlamlığın pozulması, hirs və aqressivlik, narazılıq və məmnuniyyətsizlik, narahatlıq və təşviş hissi, depressiya, alkoqolizm ortaya çıxır. Amerikada alkoqolizm, rol toqquşmalarının önəmli bir nəticəsidir, çünki qadınlar stresi alkoqolla müalicə etməyi seçirlər. Qadınlar alkoqolu kişilərdən fərqli metabolizə edirlər, təsirləri daha sürətli və daha asan olur.

İşçi qadınların ən çox çətinlik çəkdiyi məsələ "iş, həyat yoldaşı, uşaq və mən" balansını yaratmaqdır. İş və şəxsi həyat balansını yaratmaq üçün birindən alıb digərinə qoymaq lazım deyil. Bu iki həyatı uzlaşdırmaq lazımdır. Şikayətlənib stresimizi artırmaq əvəzinə, plan qurub fəaliyyət göstərmək önəmlidir. Ailə və kariyera arasında balans yaratmaq mümkündür, amma bu, davamlı bir proses və diqqət tələb edir.

Özünü yaxşı tanımaq: Hər bir insanın prioritetləri və ehtiyacları fərqlidir. Ailə və kariyera arasında balans yaratmaq üçün əvvəlcə öz dəyərlərinizi, məqsədlərinizi və həyatınızdakı əhəmiyyətli prioritetləri müəyyənləşdirməlisiniz. Bu, nəyi daha çox önəmsədiyinizi və hansı sahədə nə qədər vaxt sərf etmək istədiyinizi anlamağa kömək edəcək.

Zaman idarəetməsi: Həm ailəyə, həm də kariyeraya eyni dərəcədə vaxt ayırmaq üçün effektiv zaman idarəetmə bacarıqlarına sahib olmaq vacibdir. Bu, hər iki sahədəki vəzifələrinizi düzgün prioritetləşdirmək və lazımsız diqqət dağıdıcı faktorlardan uzaq durmaqla mümkündür. Planlaşdırma və cədvəl tərtibi, gün ərzində daha məqsədli və səmərəli fəaliyyət göstərməyə imkan verəcək.

Məqsədli və reallığa uyğun gözləntilər: Ailəyə və kariyeraya olan tələbləri reallıqla uyğunlaşdırmaq vacibdir. Hər bir rolu yerinə yetirərkən, özünüzdən yüksək gözləntilər bəsləmək yerinə, mümkün olan ən yaxşı nəticəni əldə etməyə çalışmaq daha faydalıdır. Həm də zamanla hər iki sahədə də dəyişikliklər olacaq və bu dəyişikliklərə uyğunlaşmaq vacibdir.

Dəstək şəbəkəsi yaratmaq: Balans yaratmaq, yalnız öz üzərinizə düşən məsuliyyətlərə diqqət yetirmək deyil, həm də güvəndiyiniz insanlardan dəstək almaqla mümkündür. Ailəniz, dostlarınız və həmkarlarınızdan dəstək, həm işdə, həm də evdə rahatlıq və asanlıq təmin edə bilər.

Mənəvi və emosional rifah: Balansı qura bilmək üçün şəxsi rifahınıza da diqqət yetirməlisiniz. Həm fiziki, həm də emosional sağlamlığınızı qorumaq, stressi idarə etmək, asudə vaxtlarınızı keyfiyyətlə keçirmək balansı qurmada böyük rol oynayır. Əgər özünüzü yorğun və stresli hiss edirsinizsə, balansın pozulması mümkündür.

Sərhədlər qoymaq: Ailə və iş həyatını bir-birinə qarışdırmamaq üçün sərhədlər müəyyənləşdirmək vacibdir. Bu, iş saatları ilə şəxsi vaxtınızı fərqləndirmək, işdən sonra telefon və e-poçtları yoxlamamaq kimi kiçik, lakin əhəmiyyətli addımlar ola bilər.

Fleksibilik və uyğunlaşma: Həyatın müxtəlif mərhələlərində iş və ailə tələbləri dəyişə bilər. Belə halda, planlarınıza çevik yanaşaraq və dəyişikliklərə açıq olmağınız vacibdir. Bəzən bir sahəyə daha çox vaxt ayırmaq lazım gələ bilər, amma bu da müvəqqəti olmalıdır.

Son olaraq, balansın nə vaxt və necə müəyyənləşdirilməsi hər kəsin öz şəxsi təcrübəsinə bağlıdır. Əsas olan, həm işdə, həm də ailədə səmərəli və məmnun olmaq üçün zaman zaman öz prioritetlərinizi yenidən nəzərdən keçirmək və dəyişən şəraitə uyğunlaşma qabiliyyətinizdir".

"Azərbaycanda karyera quran qadının uğurlu ailəsi olması mümkündür, amma bu, yalnız fərdi yanaşma, dəstək şəbəkəsi və müvafiq balansın yaradılması ilə mümkündür. Ailənin anlayışı, dəstəyi və qadının məqsədlərinə uyğun qərarlar verməsi bu balansın qurulmasında əsas rol oynayır. Həm iş həyatında, həm də ailə həyatında uğur qazanmaq üçün qarşılıqlı hörmət, düzgün zaman idarəetməsi və şəxsən qadının hədəflərinə uyğunlaşma vacibdir.

Unutmayaq ki, hamımız supermen ola bilmərik, həm çox uğurlu bir işçi, həm çox yaxşı bir ana, həm çox yaxşı bir həyat yoldaşı, həm də çox yaxşı bir övlad olmaq mümkün deyil, hər şeydə çox yaxşı və ən yaxşı ola bilməzsiniz. Hər kəsin bir limiti var, həm psixoloji, həm də fizioloji. Başqalarının istəklərinə görə davransanız, öz ehtiyaclarınızı unudarsınız. Qadınların bir az da öz ehtiyaclarına qulaq vermələri lazımdır" - deyə o, əlavə edib.