Uğursuzluqlar niyə bizi tapır? - PSİXOLOQ AÇIQLADI

2 Dekabr 2024 16:56 (UTC+04:00)

“Əvvəla “Niyə uğursuzluq bizi tapır?” desək, yəni, özümüzə bu sualı versək həqiqətən də uğursuzluq bizi tapacaq”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Niyə biz neqativi görməyə meylliyik? Niyə biz neqativin içində pozitiv nəyi isə tapmırıq? Niyə biz bu problemlərin arasında daha rahat yaşayışı seçmirik? Bizim, bugün Azərbaycan xalqının ən birinci problemi öz üzərində işləməməsi, öz üzərində çalışmaması, inkişaf, fərdi inkişafla məşğul olmamasıdır.

Bundan da əlavə, uğursuzluqlar bizi tapmır. Cümləni artıq dəyişəcəksiniz ki, uğur daim bizimlədir və daim bizimlə olacaq. Biz əgər şüuraltımıza yazsaq ki, mən dənizə getsəm dəniz quruyacaq. Həqiqətən dənizə gedəcəyik və dəniz quruyacaq. Amma yox mən desəm ki, mən gedirəm və bu iş mənlikdir o zaman daha rahat olacaq”.

Psixoloq bildirib ki, neqativə kökləyən insanlardan uzaq durmalıyıq: “Bizə keçmişdə yazılan həyat ssenarilərindən uzaq durmalıyıq. Bizim əsas meyarımız birinci doğulduğumuz evlərdə bizim həyat ssenarimizin qurulmasıdır. Məsələn, mənim bir pasientim var idi həmişə deyirdi ki, mənim anam “Bizə gələn qızlar xoşbəxt olur, bizdən gedən qızlar bədbəxt olur” deyirdi. O qədər şüuraltılarına bunu yazmışdı ki, həqiqətən bunlara gəlin gələn qızlar xoşbəxt olurdu, bunlardan gedənlər bədbəxt olurdu. Çünki bu inanca sahib idi. Ən birinci inancı dəyişməliyik.

Uğurlu insan olmaq üçün inancımızı dəyişməliyik. Uğursuzluğa bəli biz 5 dostumuzun ortasıyıq. Əgər mənim ətrafımda 5 ağıllı insan varsa, 6-cı ağıllı mən olacam. Mənim yanımda 5 varlı insan olsa 6-cı varlı mən olacam. Mənim yanımda 5 iş adamı olsa 6-cı mən olacam. Amma yox, mən gedib bütün günü problemli adamlarla oturub-dursam, əlbəttə ki mənim də ətrafım problemli olacaq. Uğur özümüzdən və ətrafımızdan asılıdır”.

Ayşən Vəli