Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz şəhərində Xaçmaz, Ağdaş,Beyləqan, Füzuli, Quba, Sabirabad, Şəki, Tovuz və digər rayonlardan, eləcə də Bakı şəhərindən olan vətəndaşları qəbul edib. SİA bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, işlə təminat və işə bərpa, güzəştli şərtlərlə kənd təsərrüfatı kreditlərinin verilməsi, icarəyə texnika ayrılması, torpaq sahəsinin ayrılmasına və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Nazir vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.
Daha sonra M.Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.
Nazir səyyar xidmətin təşkili prosesi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.