Boşanma zamanı qızıllar kimdə qalmalıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

2 Dekabr 2024 15:08 (UTC+04:00)

"Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah sazişində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Aysel Seyidova deyib.

O bildirib ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak isə ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir: "Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilə bilər. Əgər tərəflər arasında bu barədə mübahisə varsa, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Nikahın pozulmasından sonra tərəflər arasında mübahisəyə səbəb olan məsələrdən biri də qızıl-ziynət əşyalarının kimə məxsus olması ilə bağlıdır.

Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən ziynət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Yəni qanunvericiliyə görə hədiyyə şəklində verilən əşyalar kimə verilibsə, artıq onun əmlakı hesab edilir.

Qeyd edək ki, ziynət əşyaları yalnız qiymətli metallardan və ya daşlardan hazırlanmış əşyaları deyil, digər qiymətli bəzək, süs, yaraşıq əşyalarını (məsələn, qol saatlarını, geyim aksesuarlarını və sair) da ehtiva edir.

Qızıl ziynət əşyalarının ona məxsus olduğunu iddia edən tərəf, ilk öncə həmin əşyaların həqiqətən mövcud olmasını sübüt etməlidir, məsələn, mübahisənin predmeti olan ziynət əşyaların əks etdirən foto şəkil və ya video görüntü sübut kimi məhkəməyə təqdim edilə bilər. Daha sonra isə iddiaçı qızıllarının qarşı tərəfdə olduğunu və onun qanunsuz sahibliyində olmasını sübut etməlidir ki, bu da bəzən çətin olur".