Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun barəsindəki qərardan kassasiya şikayəti verilib. SİA xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 4-nə təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova altı il, Rasim Həsənov isə yeddi il müddətinə azadlıqdan məhrum ediliblər.
Bakı Apellyasiya Məhkəməsi onların hökmdən verdikləri şikayəti təmin etməyib.
Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə edib.
Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o cümlədən "Instagram" və digər sosial şəbəkələrdə yerləşdirməklə hədələyiblər. Bu yolla T.Səmədova ilə R.Həsənov ondan üç min manat tələb ediblər.
Beləliklə, 2022-ci ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Bundan başqa, T.Səmədova ilə R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.
T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələbetmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.