“Sahibkarların maliyyə resurslarına çıxışı məhduddur” - İQTİSADÇI FİKRİ

2 Dekabr 2024 14:23 (UTC+04:00)

“Azərbaycanda sahibkarlığa mane olan amillər bir neçə istiqamətdədir. Ən birinci amil olaraq sahibkarlıqla məşğul olan və buna cəhd göstərən insanların maliyyə resurslarına çıxışının məhdud olmasını qeyd edə bilərik. Bu çox böyük maneədir. Çünki biznes investisiyalarsız mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.

O bildirib ki, investisiyaların əsas mənbəyi kimi bazar iqtisadiyyatı şəraitində kredit resursları çıxış edir: “Kredit resurslarına çıxış imkanları da düşünürəm ki, ölkəmizdə lazımi səviyyədə təmin olunmayıb. Bu bank sektorunun, pul-kredit siyasətinin problemlərindəndir. Bu gün təklif olunan kredit faizi yüksəkdir.
Digər tərəfdən isə kreditin əldə olunması üçün sahibkarlıqla məşğul olmaq istəyən insanlara girov bazası ilə bağlı çox ağır, çətin tələblər qoyulur. Onların çoxu isə bu tələblərə uyğun girov bazası təqdim edə bilmirlər. Bütün bu problemlər sözügedən məsələdə xüsusi olaraq vurğulanmalıdır.

Eyni zamanda bazarın məhdudluğu, idxalın payının çox olması da problemlər sırasındadır və sözsüz ki, vergi yükünün bir qədər azaldılmasına ehtiyac var. Xüsusilə real istehsal ilə məşğul olmağa cəhd göstərən kiçik və orta sahibkarlığa aid biznes fəaliyyəti ilə məşğul olmaq istəyən insanların vergi yükü azaldılmalıdır. Bununla yanaşı sahibkarlığın maliyyələşməsi üçün investisiyaların artımı baxımından xüsusi kredit şərtlərinin tətbiq edilməsinə ehtiyac var. Bu da ölkəmizdə sahibkarlıq mühitinin xeyli dərəcədə fəallaşmasına şərait yarada bilər”.