"Onlar Azərbaycanın inkişafını, uğurlarını heç cür həzm edə bilmirlər" - MÖVQE BİLDİRİLDİ

2 Dekabr 2024 13:57 (UTC+04:00)

"Qərb və Avropa dairələri uzun illərdir ki, Azərbaycana qarşı düşmənçilik və qərəzli mövqe nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, həmin siyasi dairələr, ölkələr öz maraqlarını təmin etmək məqsədilə əlbəttə ki, zamanla Azərbaycanda bəzi "İnsan hüquqları müdafiəçiləri" vasitəsilə, onların maliyyələşdirilməsinə cəhd edilməsi yolu ilə Azərbaycanda müəyyən təxribatlar həyata keçirməyi planlayıblar: "Amma Azərbaycan dövlətinin preventiv tədbirləri, Azərbaycan hüquq və mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində daim bu zərərli təhdidlərin qarşısı qətiyyətlə alınıb. Amma həmin dairələr xaricdə yaşayan adlarını blogger qoymuş anti-Azərbaycan qüvvələri də maliyyələşdirməklə son zamanlar Azərbaycana qarşı qarayaxma, gözdənsalma və bu kimi təxribatçı fəaliyyət həyata keçirirlər. Bunun bir çox səbəbləri var. Qərb və Avropa dairələri Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin milli maraqlara, dövlətçilik maraqlarına əsaslanan müstəqil siyasətinə qarşı daim bu cür qərəzli mövqe nümayiş etdiriblər. Onlar Azərbaycanın inkişafını, uğurlarını heç cür həzm edə bilmirlər. Bunun nəticəsi olaraq yenə də Azərbaycana qarşı bu cür riyakar fəaliyyət həyata keçirirlər. Xüsusilə, Azərbaycan 44 günlük Vətən müharibəsindəki dünyaya nümunə ola biləcək möhtəşəm qələbəsindən sonra, ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra bu cür hücumlar, Azərbaycana qarşı düşmənçilik mövqeyi daha da geniş vüsət alıb. Bu cür təxribatçı və Azərbaycana qarşı qərəzli mövqe daha da güclənib, sürətlənib. Azərbaycan dövlətinə, xalqına qarşı yönəldilmiş bu yaramaz qüvvələrin çeşidli planlarının qarşısı daim alınıb".

"Biz qonşu Gürcüstanda baş verən proseslərə baxsaq, tam aydın şəkildə həmin dairələrin əsl məqsədlərini və məqamlarını bir daha görə bilərik. Bu gün Fransa başda olmaqla bir çox Qərb dairələri Azərbaycana qarşı bu cür qəbuledilməz mövqe nümayiş etdirirlər. Eyni zamanda burada İran dairələrindən də, İranda olan bəzi mənbələrdən də maliyyələşən və Azərbaycana qarşı yönəldilən təxribatçı və başıpozuq dəstələr var. Onlar Avropada fəaliyyət göstərərək həmin dairələrdən maliyyələşərək Azərbaycanın uğurlarını gözdən salmağa çalışırlar. Azərbaycana qarşı bu cür hücuma keçiblər. Ona görə də, Azərbaycan cəmiyyəti, xalqı olaraq bu cür təhdid və təzyiqlərin qarşısında ayıq-sayıq olmalıyıq. Öz vətəndaş mövqeyimizi peşəsindən asılı olmayaraq hamı daim nümayiş etdirməlidir. Biz vətəndaş, vətəndaş cəmiyyəti olaraq bu təhdidlərin və hücumların qarşısının alınmasında bir sipər olmalıyıq. Belə olduğu halda Azərbaycan dövlətinin inkişafını zəiflədən, onun möhkəm təməllərini zəiflətmək istiqamətində atılan addımlar neytrallaşdırıla bilər" - deyə o, əlavə edib.