SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb. BANM-dən SİA-ya bildirilib ki, 13 tələbə 2024/2025-ci tədris ilinin yaz semestrində (qrantlı və ya qrantsız əsaslarla) təhsillərini davam etdirmək imkanı qazanıb. Onlar İspaniyanın Alicante Universiteti və Qranada Universiteti, Portuqaliyanın Braqança Texniki Universiteti, Türkiyənin Sabancı Universiteti və Bahçeşehir Universiteti, eləcə də Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində təhsil alacaqlar.
Kompüter mühəndisliyi ixtisasının tələbələri üçün 1 qrantlı və 2 qrantsız, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri üçün 4 qrantlı və 1 öz hesabına, kimya mühəndisliyi ixtisasının tələbələri üçün 2 qrantlı, habelə MBA tələbələri üçün 2 qrantlı yer ayrılıb.
Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.