“İmperialist mərkəzlərin milli dövlətlərə və onların müstəqilliyinə, maraqlarına qarşı istifadə etdikləri ən effektiv silahlardan biri Qeyri Hökumət Təşkilatları, qondarma insan hüquqları təşkilatları və internet resurları üzərində formalaşdırılan “blogger”lərdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan sözügedən təşkilatlara qarşı mübarizə aparır: “Azərbaycanın zamanında aldığı tədbirlərin nəticəsidir ki, bu gün qonşu ölkələrdə baş verən proseslər Azərbaycanda baş vermir. Çünki xaricdən, imperialist, İslamafob mərkəzlərdən ayrılan hər bir maliyyə mənbəyi, həm də erməni lobbisi ilə əlaqədardır. Eyni zamanda prosesin Fransa kimi Azərbaycana qarşı faktiki informasiya müharibəsi elan etmiş mərkəzlərlə də əlaqəsi var. Buna görə də düşünürəm ki, bu gün xarici ölkələrin kəşfiyyət orqanları tərəfindən dəstəklənən ən müxtəlif internet resurslarının Azərbaycanın milli maraqlarına qarşı informasiya çirkabı yaratması da məqsədyönlü fəaliyyətin nəticəsidir. Bütün bunlar zəfərimizə, inkişafımıza kölgə salmaq üçün və ermənilərin mövqeyini gücləndirmək üçün həyata keçirilən fəaliyyətdir. Bu səbəbdən də sözügedən proseslər yolverilməzdir. Azərbaycanın müvafiq institutları da hər zaman olduğu kimi bu cür milli maraqlarımızın əleyhinə çıxan qüvvələri ifşa etməyə davam edir”.
Məsələ ilə bağlı siyasi şərhçi Vüqar Əhmədov fikirlərini bölüşüb: “Azərbaycandan kənarda formalaşan, əsasən Qərbdə məskunlaşmış və sosial media, youtube üzərindən Azərbaycana qarşı qarayaxma kampaniyası və hücuma keçən bir şəbəkə formalaşıb Qərb ölkələrində. Onların maliyyə qaynaqları kifayət qədər qaranlıq olduğundan ehtimal etmək olar ki, bu şəbəkənin üzvləri maliyyəni və təlimatları ölkəmiz əleyhinə siyasət aparan Qərb dövlətlərindən alır, xüsusən Ermənistan və İrandan alınan tezislər əsasında öz verilişlərini və çıxışlarını qururlar. Onların təqdim etdiyi faktlara diqqətlə baxılsa və nəzər yetirilsə və təhlil olunsa açıq görmək olar ki, onlar Azərbaycanda baş verən hadisələri təhrif edir, dezinformisiya yayırlar. Xüsusən bu sırada Sevinc Osmanqızı, Qənimət Zahid, Məhəmməd Mirzəli və onları öz verilişlərinə qonaq edən Arif Şahmarlı və Arif Yunusu qeyd etmək lazımdır ki, onlar vaxtı ilə Azərbaycanda yaşayarkən müəyyən qaranlıq dairələrlə işbirliyində olublar, indi bu işləri xaricdə davam etdirirlər. Azərbaycana düşmən mövqedə dayanan siyasi dairələrin fikirlərindən və ideologiyasından qidalanaraq davamlı şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir, Azərbaycanı haqq işindən, Qarabağda əldə olunan zəfər və nəaliyyətlərdən yayındırmağa cəhd edirlər. Xaricdən, Qərbdən maliyyələşən media yönümlü müxtəlif QHT-lərin də belə cəhdlərinin şahidi olmuşuq, bütün fəaliyyətlərinin Qərbdə eyni mərkəzdən idarə olunması açıq aşkar görünür. Belə ki, bu anti-Azərbaycan, Qərbin qərəzli dairələri tərəfindən maliyyələşən bu mərkəzlər ölkəmizdə təxribatçı və yalan məlumatlar yayan qruplarla sıx əlbir işləyir, ölkədaxili və ölkəxarici səviyyəsində bu işləri həyata keçirirlər. Onların gündəlik verilişlərinin məzmunu və ideyasına nəzər yetirilsə, peşəkarlıqdan uzaq, məişət və həvəskar səviyyədə hazırlanmış söhbətləri ilə müəyyən kütlələri hədəf seçməyi qarşılarına məqsəd qoyublar.
İran və Fransa tərəfindən ötürülən məlumatlar əsasında formalaşan bu yalan məlumatlar ölkəmizin milli təhlükəsizliyinə birbaşa təhdiddir, bundan bizə düşmən olan Ermənistan da istifadə edir. Aydın məsələdir ki, bu qrup Avropada, Almaniya və Niderlandda yaşayaraq müxtəlif mənbələrdən maliyyə alır və fəaliyyətlərini bunun əsasında qururlar, Azərbaycanda süni şəkildə insan haqları məsələsini gündəmə gətirməklə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Qonşu regionda və ölkələrdən baş verən ixtişaşlardan və qarşıdurmalardan həvəslənən bu şəbəkə və onların havadarları ölkəmizdə də buna bənzər hadisələrin təkrarlanmasında, sabitliyin pozulmasına maraqlıdırlar. Bununla Azərbaycanı əsas hədəfindən, Qarabağda əldə etdiyi zəfərdən yayındırmağa, destruktiv fəaliyyətlər həyata keçirərək regionu qarışdırmağa cəhd edirlər. Ona görə cəmiyyətimiz ayıq sayıq olmalı, ölkəmizin milli maraqlarına qarşı yönəlmiş belə təxribat xarakterli və dezinformasiya xarakterli fikirlərin təsirinə düşməməlidirlər”.