“Dekabrın ilk günü olduğuna görə hələ Azərbaycanda yeni il aksesuarlarına maraq güclənməyib. Buna görə də qiymətlər hələ ki sabitdir”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli deyib.
Akif Nəsirli sözlərinə belə davam edib: “Düzdür, ötən ilki qiymətlərlə müqayisədə bu il bir qədər bahadır. Amma hələ ümumilikdə sakitlikdir. Dekabrın 10-15-dən sonra bu istiqamətdə alıcılıq qabiliyyəti yüksələcək. Əhali daha çox bu məhsullardan alacaq və biz qiymətlərin aşırı dərəcədə yüksəlməsini müşahidə edəcəyik.
Bu əhalinin alıcılıq qabiliyyətindən asılı olan məsələdir. Yəni, alıcılıq qabiliyyəti aşağı olan əhali ümumiyyətlə yeni il aksesuarlarına vəsait ayıra bilmir. Belə ailələr çoxdur. Bir qrup alacaq, bir qrup da almaqdan imtina edəcək. Yeni ilə son bir həftə qalmış qiymətlər daha da bahalaşacaq. Yanvarın 1-dən sonra isə həmin məhsullar piştaxtalarda ya görünməyəcək, ya da çox az görünəcək.
Ümumilikdə isə yeni il öncəsi bütün restoranlarda qiymətlər artacaq. Bu da tələbatın artması ilə bağlıdır. İnhisarçı iqtisadiyyatda hansı sahədə dövriyyə artırsa, orada qiymət bahalaşır. Rəqabətli bazarda isə hansı sahədə dövriyyə artırsa, orda qiymətlər ucuzlaşır. Bizdə isə iqtisadiyyat inhisarçı iqtisadiyyatdır. Məsələn, Avropada yeni il öncəsi bütün restoranlarda və yeni il aksesuarları satılan yerlərdə qiymətlər ucuzlaşır. Çünki onlar rəqabətli mühitdə çalışır”.
Ayşən Vəli