Azərbaycan “Pələng”i Qəşəm Məmmədov qran-prinin qalibi olub - FOTOLAR

2 Dekabr 2024 01:35 (UTC+04:00)

Ötən gün Türkiyənin İstanbul şəhərində “Loca Fight Club”un təşkilatçılığı ilə möhtəşəm bir kikboksinq turniri keçirilib. SİA -ya bu barədə yarışa qatılan idmançımızın məşqçisi Fuad Zeynalov məlumat verib. O qeyd edib:"Yarışın qaydalarına görə, 81 kq çəki dərəcəsində qran-pri qalibi olmaq üçün idmançılar bir neçə saat ərzində dünyaca məşhur 8 güclü rəqib arasında 3 döyüş keçirməli idi. Bu, olduqca çətin bir sınaq idi.
Biz də “Sərhədçi” komandası olaraq bu mötəbər yarışa 81 kq çəki dərəcəsində idmançımız, dəfələrlə Azərbaycan çempionu, dünya çempionatının mükafatçısı və digər beynəlxalq turnirlərin qalibi, “Pələng” ləqəbli Qəşəm Məmmədovla qatıldıq. Olduqca gərgin mübarizələr zamanı kifayət qədər təcrübəli idmançılar sayılan İsa Göcmen, Berat Altıntop və finalda Alirıza Gambari üzərində inanmlı qələbələr qazanmaqla o, çempion olmağı bacardı və ilk dəfə olaraq “Türk Dövlətləri”nin ən böyük kikboksing- qran-pri turnirinin qalibi oldu.
Bu uğur, bir məşqçi olaraq məni çox sevindirdi. Eyni zamanda, komandamız üçün qarşıdakı mötəbər yarışlarda iştirak etmək üçün böyük imkanlar yaratdı və bizə güclü motivasiya verdi.
Bu yarışda iştirakımız üçün yaradılan şəraitə görə GIM-ə, DSX və AKF rəhbərliyinə, eləcə də “Loca Fight Club”un prezidentinə dərin təşəkkürümü bildirirəm.
Qürur hissi ilə Azərbaycan Respublikasına xidmət edirəm".