ADPU-da “Fizikanın aktual problemləri” adlı konfrans keçirilib - FOTO

2 Dekabr 2024 02:14 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Fizikanın aktual problemləri” Respublika elmi konfransı keçirilib. ADPU-dan SİA-ya verilən məlumata görə, konfransda elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov fizika elminin genişləndirilməsinin vacibliyindən danışıb. Azərbaycanlı alimlərin bu sahədə dünya elminə verdiyi töfhələrdən danışan professor müasir dövrdə fizikanın inkişafı üçün atılan addımlar və mövcud problemlərin həlli istiqamətində həyata keçirilməli olan vacib tədbirləri diqqətə çatdırıb.

Vurğulanıb ki, müasir dövrün tələblərinə cavab verən elmi texnologiyaların, cihaz və avadanlıqların ölkəmizə gətirilməsi və geniş tətbiqinin həyata keçirilməsi qarşıda duran vacib məsələdir. Bəzi hallarda isə istifadə üçün müasir, yeni nəsil cihaz və avadanlıqlar gətirilsə də, bu texnologiyalardan istifadə edə bilən mütəxəssislər kifayət qədər deyil. Qeyd olunub ki, bu problemin aradan qaldırılması üçün gənc mütəxəssislərin inkişaf etmiş və elmin inkişaf səviyyəsi ilə fərqlənən ölkələrin aparıcı elmi mərkəzlərində təcrübə keçmək üçün ezam edilmələri, daha sonra əldə etdikləri bilik və bacarıqları ölkəmizdə tətbiq etmələri xüsusi diqqətdə saxlanılmalıdır.

A.Zamanov qeyd edib ki, hazırda elmlərarası tədqiqatların coğrafiyasının genişləndirilməsi də fizika sahəsində olduqca ciddi uğurların əldə edilməsinə səbəb ola bilər.

Konfransa 130-dan çox məruzə təqdim edilib. Pedaqoji Universitetlə yanaşı Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Gəncə Dövlət Universitetinin də əməkdaşları konfransa məqalə təqdim ediblər.