ABŞ-da soyuq havalar insanlara çətinliklər yaradıb

1 Dekabr 2024 22:34 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şərq və şimal-şərq bölgələrini təsiri altına almağa başlayan qar və şiddətli soyuq havalar gündəlik həyata mənfi təsir edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, havanın uzun müddətdir mövsüm normalarından yüksək olduğu ABŞ-ın Kanada sərhədinə yaxın bölgələrində hiss edilməyə başlayan soyuq hava xüsusilə Nyu-York, Pensilvaniya və Ohayonun şimal hissələrində çətinliklərə səbəb olub. Amerikanın Milli Hava Proqnozu Xidmətinə görə, ölkənin şərqinə doğru irəliləyən dondurucu hava kütləsinin bir müddət bu bölgədəki ştatlara təsir göstərməsi gözlənilir. Rəsmilər qarın hazırda Kanada sərhədində yerləşən göllər bölgəsini təsiri altına aldığını və bir neçə gün ərzində ABŞ əhalisinin təxminən 70 faizinin donma həddindən aşağı temperaturu hiss edəcəyini bildirib. Şərq bölgəsindəki bəzi ştatlararası yolların qardan ciddi təsirlənəcəyi və bəzi bölgələrdə 15-25 santimetr arasında qar yağıntısının qeydə alınacağı qeyd olunub.

Nyu-Yorkun Kanada sərhədindəki Ontario Gölü ətrafında isə həftə sonu davamlı yağıntılar nəticəsində qarın qalınlığının 1,8 metrə çatacağı gözlənilir. Buna görə həmin bölgədə fövqəladə vəziyyət elan edilib.

Ohayonun və Pensilvaniyanın şimal hissələrində də qar yağışı səbəbindən nəqliyyatın bəzi yerlərdə tamamilə dayanacağı, hava nəqliyyatında isə ciddi gecikmələrin yaşanacağı barədə xəbərdarlıq edilib.