60 milyondan çox qız gender əsaslı zorakılıq riski ilə üzləşir

30 Noyabr 2024 14:17 (UTC+04:00)

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) cümə günü dünya miqyasında 60 milyondan çox məcburi köçkün və ya vətəndaşlığı olmayan qadın və qızın zorakılıq riski ilə üzləşdiyini qeyd edib. SİA xəbər verir ki, Ali Komissarlıq bildirib ki, qaçmağa məcbur edilən qadın və qızlar üçün gender əsaslı zorakılıq riskində müşahidə olunan artım həyəcan təbili çalmağa əsas verir. UNHCR-in sözçüsü Şabia Mantu Cenevrədə keçirdiyi brifinqdə keçən il münaqişə ilə bağlı cinsi zorakılıq hallarının əvvəlki ilə nisbətən 50 faiz artdığını bildirib. O əlavə edib ki, təsdiqlənmiş halların 95 faizi qadınlar və qızlara aiddir. Ş.Mantu əlavə edib: “Bu rəqəmlər reallığın kiçik bir hissəsini göstərir, çünki qadınların və qızların sağlamlığına, ləyaqətinə, təhlükəsizliyinə və azadlığına təsir edən həmin iyrənc pozuntular və zorakılıq hallarının bir çoxu bildirilmir. Dünyada münaqişə vəziyyətlərində çalışan həmkarlarımız sağ qalan qadınlardan amansız zorakılıq, işgəncə, cinsi istismar, o cümlədən müharibə silahı kimi fundamental insan hüquqlarının inkarına qədər üzləşdikləri dəhşətlər haqqında xəbərlər almağa davam edirlər”.

O vurğulayıb ki, məcburi köçkün vəziyyətində olan və münaqişələrdən təsirlənən qadın və qızlar üçün gender əsaslı zorakılığın qarşısının alınması və cavab xidmətlərinin göstərilməsi zərurəti “mövcud maliyyə imkanlarını xeyli üstələyir”.

UNHCR bildirir ki, adekvat maliyyə vəsaiti olmadan milyonlarla məcburi köçkün qadın və qız gələn il kritik xidmətlərdən istifadə edə bilməyəcək.