Hələbdə küçə döyüşləri başlayıb

30 Noyabr 2024 10:26 (UTC+04:00)

Suriyada HTŞ-nin başçılıq etdiyi silahlı müxalif qruplar heç bir ciddi müqavimətlə qarşılaşmadan 3 gün kimi qısa müddətdə Hələbə daxil olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, müxalifət qüvvələri Hələbin kənarında dinc sakinlər üçün təxliyə xəbərdarlığı edib.

Suriyanın şimalında Bəşər Əsəd rejiminin hücumlarına cavab olaraq Heyət Təhrir əl-Şamın (HTŞ) rəhbərlik etdiyi silahlı müxalif qrupların başlatdığı əməliyyat dünən üçüncü günündə də irəliləyişini davam etdirib. Hələbin ucqarlarından biri olan Rəşidində müxaliflərin nəzarəti ələ keçirdiyi, bölgədəki Rusiya qüvvələrinin geri çəkildiyi, İrana bağlı şiə qruplaşmaları və Suriya ordusunun bölmələrinin Hələbdə məskunlaşma savaşına hazırlaşdığı bildirilib.

Hələb Hərbi Əməliyyatlar İdarəsindən verilən açıqlamada şəhərin kənarı olan Əl-Həmdaniyə və Yeni Hələbin azad edildiyi açıqlanıb. Digər tərəfdən, ölkənin şimalını paytaxt Dəməşqə və sahilyanı Latakiya şəhərini ölkənin ikinci böyük şəhəri Hələblə birləşdirən Saraqib rayonu ətrafında M5 və M4 magistrallarının kəsişməsinin müxalifət tərəfindən ələ keçirilməsi baş verib. Bu da Əsəd rəhbərliyinin şah damarının kəsilməsi olaraq şərh edilib.