Bakıda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək

30 Noyabr 2024 10:23 (UTC+04:00)

Dekabrın 2-dən 4-dək Bakıda “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçiriləcək. Tədbir Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq. SİA-nın məlumatına görə, konqresin əsas məqsədi başda Azərbaycanın Şuşa şəhəri olmaqla Türk-İslam mədəniyyətinin təşəkkülündə mühüm əhəmiyyət kəsb edən mədəniyyət mərkəzlərinin milli kimliyin formalaşması və mədəni irsin qorunmasındakı roluna diqqət çəkməkdir. Konqresdə Türk dünyasında milli kimliyin formalaşmasında mədəni irsin rolu, maddi və mənəvi mədəni irsin sivilizasiya quruculuğu üçün əhəmiyyəti, mədəni tənəzzülün milli kimliyə təsiri və mədəni irsin qorunması, ictimai elmlərin alt sahələrinin mədəni irs-kimlik əlaqəsinə baxışı kimi mövzuların müzakirəsi və yeni fikirlərin irəli sürülməsi nəzərdə tutulur.

Tədbirin digər məqsədlərindən biri də mövzuya akademik və multidisiplinar aspektdən yanaşılması, bu istiqamətdə aparılan araşdırmaların elmi dövriyyəyə çıxarılması, mədəni irsin funksionallığına əsaslanaraq milli kimliyin formalaşdırılmasındakı əhəmiyyətinin vurğulanması, müxtəlif rakurslardan yeni müzakirələr üçün zəmin hazırlanması və əməkdaşlıq edən ölkələrin (Türkiyə, Azərbaycan, Özbəkistan) akademik qurumları arasındakı elmi əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsidir. Bu baxımdan dil, ədəbiyyat, folklor, tarix, incəsənət, politologiya, sosial siyasət və miqrasiya, sosiologiya, ekologiya, beynəlxalq münasibətlər və s. kimi sahələrdə müxtəlif mövzuların araşdırılması konqresin əsas hədəflərindəndir.