Avropa İttifaqı Şurasının yeni Prezidenti portuqaliyalı Antonio Koşta vəzifələrinin icrasına başlayıb. SİA xəbər verir ki, Brüsseldə, Avropa İttifaqı Şurasının qərargahında keçirilən mərasimdə qurumun belçikalı Prezidenti Şarl Mişel səlahiyyətlərini Antonio Koştaya təhvil verib.
A.Koşta mərasimdəki çıxışında Avropa İttifaqı ölkələri və qurumları arasında daha sıx əməkdaşlığın və dialoqun önəmini vurğulayıb. “Biz ancaq birlikdə ümumi rifaha, iqtisadi inkişafa və iqlim transformasiyasına nail ola, Avropanın səsini beynəlxalq səviyyədə eşitdirə bilərik”, - deyə yeni Prezident vurğulayıb.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan 63 yaşlı A.Koşta 2015-2023-cü illərdə Portuqaliyanın Baş naziri olub. O, litium və “yaşıl” hidrogenlə bağlı bir sıra layihələrdə korrupsiya hallarına dair yayılan iddialarla əlaqədar açılan cinayət işinə görə ötən ilin iyulunda vəzifəsindən istefa verib. A.Koşta iyunda Avropa Parlamentinə keçirilən seçkilərdən sonra Avropa İttifaqına üzv ölkələrin rəhbərləri tərəfindən Avropa İttifaqı Şurasının Prezidenti seçilmişdi.