Tbilisidə Azərbaycan xalçalarının sərgisi açılıb

29 Noyabr 2024 22:40 (UTC+04:00)

Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin Rəsm Qalereyasında Azərbaycan xalçalarının sərgisi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan və Qazaxıstanın Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, “Azerbaijani Business Association Georgia”nın idarə heyətinin sədri və üzvləri, Türkiyədən qonaqlar iştirak ediblər.

Sərgidə Qarabağ və Borçalı xalçaçılığı nümayiş etdirilir. Sonra muzeydəki xalçaçılıq kursunun tələbələri tərəfindən toxumuş xalçanın kəsim mərasimi olub.

Daha sonra “Melitasi” gürcü rəqs ansamblının nümayəndələri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Azərbaycan musiqi sədaları altında davam edən sərgidə diqqəti çəkən əsərlərdən biri də 130 yaşı olan Şuşa xalçası olub. Ziyarətçilər bu qədim sənət əsərini maraqla seyr ediblər.

Qazaxıstan səfirinin müşaviri Z.Mirzakkasimova AZƏRTAC-a müsahibəsində deyib ki, bu cür tədbirlərin təşkili təkcə Azərbaycan mədəniyyətinin təbliğində deyil, eyni zamanda, müxtəlif ölkələr arasında mədəni əlaqələrin inkişafında da mühüm rol oynayır. Bildirib ki, tədbirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və digər dövlətlərin nümayəndələrinin iştirakı olduqca təqdirəlayiqdir.

Şuşada “Xarıbülbül” Musiqi Festivalının iştirakçısı, “Melitasi” rəqs ansamblının rəhbəri Melita Lomadze isə deyib ki, gürcü gənclərinin xalçaçılığa marağı sənətin incəliklərini öyrənməklə yanaşı mədəni əlaqələrimizin daha inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, sərgi üç gün davam edəcək.