...Rusiya Ukraynanın atom elektrik stansiyalarına qoşulan kritik yarımstansiyaları dayandırmaq üçün onları hədəfə alır.
SİA-nın məlumatına görə, “The New York Times” ekspert rəylərinə istinadən yazır ki, bu zərbələr fəlakət təhlükəsi yaradır.
Rusiya müharibənin ilk günlərindən Ukraynanın enerji sektoruna hücum edir, onu məhv etməyə və ukraynalıların həyatını dözülməz hala salmağa çalışır.
İndiyədək bu hücumlar ilk növbədə istilik və su elektrik stansiyalarına və onların elektrik ötürücü qurğularına yönəlib. Lakin Ukraynanın elektrik şəbəkəsi dağılmayıb, çünki onun elektrik enerjisi istehsalının böyük hissəsi indiyədək birbaşa hücuma məruz qalmayan nüvə stansiyalarından asılıdır.
MAQATE-nin məlumatına görə, avqust ayından etibarən Rusiya Ukraynanı sonuncu böyük elektrik enerjisi istehsal gücündən məhrum etmək üçün atom elektrik stansiyaları ilə əlaqəli enerji paylayıcı yarımstansiyaları hədəf almağa çalışır.
…Qrinpis-in (beynəlxalq qeyri-hökumət ətraf mühit təşkilatıdır, 1971-ci ildə Kanadada yaradılıb-A.B.) nüvə eksperti Şon Burniyə görə, Ukraynanın atom elektrik stansiyalarındakı yarımstansiyalar təkcə nüvə reaktorlarının istehsal etdiyi enerjini elektrik şəbəkəsinə ötürmür, həm də reaktorları və işlənmiş yanacağı soyutmaq üçün lazım olan elektrik enerjisini atom elektrik stansiyalarına qaytarır.
…Bir və ya bir neçə reaktorda soyutma funksiyasının itirilməsi qaçılmaz olaraq nüvə yanacağının əriməsinə və geniş miqyaslı radiasiyanın yayılmasına səbəb olacaq.
Qeyd edilir ki, Qrinpis-in bunu “The New York Times”-a göndərdiyi xəbərdarlıqda bildirir.
…Birləşmiş Millətlər Təşkilatının ekspertləri bazar ertəsi yaydıqları bəyanatda oxşar xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, “Ukraynanın elektrik sisteminə daha çox ziyan vurulması elektrik enerjisinin kəsilməsinə gətirib çıxara bilər ki, bu da işləyən nüvə reaktorlarının təhlükəsizlik sistemlərini gücləndirmək üçün şəbəkəyə çıxışını itirməsi riskini artırır”. Bəyanatda deyilir ki, belə bir hadisə ciddi nüvə fəlakətinə səbəb ola bilər.
Yeri gəlmişkən, Kiyev MAQATE-ni öz daimi işçilərini bu yarımstansiyalara göndərməyə inandırmağa çalışır və ümid edirdi ki, onların orada olması Rusiyanı hücumlardan çəkindirəcək.
Axı Rusiya nüvə enerjisi texnologiyalarının ixracını davam etdirə bilmək üçün təşkilatla yaxşı münasibətlər saxlamağa məcburdur.
…Amma MAQATE əməkdaşlarının təhlükəsizliyini riskə ata bilməyəcəyini bildirib. Buna görə də agentlik yalnız bir monitorinq missiyası həyata keçirib və əlavə səfərlər barədə məlumat verilməyib.
Əli Babayev