Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədilə ustad dərslərinin keçirilməsi” adlı tədbir təşkil edib. Tədbirdə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər iştirak ediblər.
SİA-nın məlumatına görə, Dövlət Komitəsindən bildirilib ki, qurumun Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev tədbirdə çıxış edərək işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayış şəraitinin qurulmasının, həmçinin məşğulluğun təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxladığını vurğulayan K.Ağaməliyev işğaldan azad edilən ərazilərin yenidən qurulması zamanı geri qayıdan sakinlərin məşğulluğuna dəstək məqsədilə müxtəlif müəssisələrin istifadəyə verildiyini bildirib.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva da daim məcburi köçkünlərin sosial məsələlərlə bağlı müraciətlərini diqqət mərkəzində saxlayır, onların müsbət həlli üçün tapşırıqlar verir.
Dövlət Komitəsi də məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində onların məşğulluq məsələlərinin həll olunmasına dəstək verir. Bununla əlaqədar məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir.
Tədbirdə öz sahəsində peşəkar olan mütəxəssislər tərəfindən iştirakçılara dərzi, bərbər, aşpaz və digər sahələrə aid ustad dərsləri keçirilib. İştirakçılar onlara göstərilən dəstəyə görə təşəkkür edərək tezliklə doğma yurdlarına qayıdıb, öyrəndikləri peşə bacarıqlarını orada quracaqları mikrobiznes sahələrində tətbiq edəcəklərini bildiriblər.