"Bildiririk ki, həssas əhali qruplarından olan digər şəxslərlə yanaşı, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial müdafiəsi, onların dövlət qayğısı ilə əhatə olunması və cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq tədbirlər görülür". SİA-nın sorğusuna cavab olaraq ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti mövzu ilə əlaqədar məlumat verib.
Bu kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi məqsədilə mühüm sosial proqramlar icra olunur: "Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının müvafiq yaşayış yeri ilə təmin edilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi həyata keçirir.
Qeyd olunan müəssisələrdən məzun olan vətəndaşlarımız üçün “Məzun evi” Sosial Müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biridir. Abşeron rayonunda inşa olunan həmin çoxmənzilli 3 yaşayış binasında 365 məzun mənzillə təmin olunub. Burada onlara həm də sosial məsləhət, sosial-hüquqi və s. xidmətlər də göstərilir.
Bu tədbirlər hazırda da həyata keçirilir. Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli Sərəncamına əsasən bu kateqoriyadan olan vətəndaşların yeni yaşayış komplekslərindən mənzillə təminatı tədbirləri də həyata keçirilir".