“COP29-un sədri və ev sahibi olaraq qarşıya bir sıra hədəflər qoyulmuşdu və bunlardan birincisi təbii ki, Tərəflər Konfransının ən yüksək səviyyədə keçirilməsindən ibarət idi. Artıq bu hədəfi tam layiqincə yerinə yetirdiyimizi deyə bilərik. COP-un 198 tərəfdaş ölkəsindən 197-nin nümayəndələrinin iştirakının təmin edilməsi, 80-dən çox ölkənin liderlər səviyyəsində toplantıya qatılması, eləcə də təşkilatı işlər və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə həyata keçirilməsi hər kəs tərəfindən təqdir olundu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Politoloq bildirib ki, COP29 çərçivəsində “Paris sazişi”nin 6.4-cü bəndi ilə bağlı razılaşmaya nail olundu: “Məlumdur ki, “Paris sazişi”nin imzalanmasından keçən 10 il ərzində ən çox müzakirə edilən məsələ sazişin 6-cı maddəsi ilə bağlı razılığa gəlinməsi idi. Lakin təəssüf ki, keçən dövr ərzində bu maddə ilə bağlı heç bir razılıq əldə olunmamışdı. Odur ki, Azərbaycan COP29-a ev sahibliyi çərçivəsində “Paris sazişi”nin 6-cı maddəsinə uyğun olaraq karbon bazarlarının formalaşdırılması və tənzimlənməsi ilə bağlı qərarın qəbul edilməsini qarşısına prioritet olaraq qoymuşdu. Bu təbii ki, olduqca çətin vəzifə idi. Amma qərarın qəbulu bir çox dövlətlər xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün çox vacib idi. Çünki karbon bazarları doğurdan da tənzimlənə bilən vahid bazara çevrilə bilsə, bu inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsi ilə bağlı əlavə maliyyə mənbəyinə çıxış imkanı verəcək. Bu da inkişaf etməkdə olan ölkələrin öz iqlim maliyyələsinin formalaşdırması üçün əlavə gəlir mənbəyi ola bilər. Buna görə də “Paris sazişi”nin müvafiq bəndləri üzrə razılaşmanın əldə edilməsi çox sevincidiri haldır və Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin növbəti göstəricisidir”.