Türkiyədə polkovnik-leytenant barəsində cinayət işi başlanılıb

29 Noyabr 2024 14:18 (UTC+04:00)

Diplomatik statusdan istifadə edilməklə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Türkiyəyə daşınan külli miqdarda qızıl külçələrini qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb. SİA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant Qəhraman Şamil oğlu Məmmədovun digər Azərbaycan vətəndaşı Anar Əli oğlu Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, diplomatik statusa malik vəzifə tutan Q.Məmmədov başqaları ilə qabaqcadan əldə edilmiş razılığa əsasən, noyabrın 22-də ABŞ-dən Türkiyəyə gəlib, həmin gün A.Qasımov tərəfindən BƏƏ-dən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulub, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib.

Daha sonra Q.Məmmədov bu qızıl külçələri A.Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.

Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Həmçinin qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş A.Qasımov Türkiyədə saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Q.Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.