"Dövlət sirri yəni dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkillərin intizam komissiyasının üzvü Vəkil Elvin Əliyev deyib.
O bildirib ki, dövlət sirrinin yayılması qanunsuzdur və cinayət qanunvericiliyinin müddəalarına əsasən həmin cinayət əməlini törətmiş şəxsi ağır cəza gözləyir: "Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsinə əsasən şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
284.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda —
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydasıdır. Dövlət sirri ilə işləməyə, bir qayda olaraq, Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. Dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa səlahiyyətli vəzifəli şəxsin icazəsi ilə konkret şəxs və ya şəxslər buraxıla bilər. Dövlət sirri təşkil edən məlumatların siyahısı Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyində göstərilmişdir".
"Həmin qanunun tələbinə əsasən Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı belə məlumatların verilməsinin mümkünlüyü haqqında müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi olduqda qəbul edir. Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən Vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir. Həmçinin vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olduqda imtina edilə bilər" - deyə o, əlavə edib.