MÜTDA məlumat yayıb

29 Noyabr 2024 12:52 (UTC+04:00)

Vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. SİA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir.

Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.

Cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb rasionallaşdırılıb. Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib.

Daha öncəki açıqlamalarda qeyd edildiyi kimi, rasionallaşdırılmaya (tipi dəyişdirilən, fəaliyyəti dayandırılan) təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilib.