Azərbaycanda Çin maşınları niyə kəskin artıb? - EKSPERT AYDINLIQ GƏTİRDİ

29 Noyabr 2024 11:49 (UTC+04:00)

“Ölkədə Çin istehsalı olan maşınların sayının artması müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.

Onun sözlərinə görə, bu sürət Çin avtomobil bazarının dünyada gedən tendensiyasının nəticəsidir: “Yəni, bu yalnız Azərbaycanda deyil, Çin avtomobil istehsalı dünya brendi olaraq dünya bazarına daxil olub. Hətta bilirsiniz ki, Almaniyanın nəhəng “Volkswagen” şirkəti öz istehsal həcmini kiçiltdi. Bunun da birinci səbəbi Çin avtomobillərinin dünya avtomobil bazarında əhəmiyyətli rola malik olmasına istinad edir”.

İlqar Hüseynli sözlərinə belə davam edib: “Çin avtomobilləri həm də dizayn baxımından yeniliklə zəngindir. Eyni zamanda, Azərbaycanda avtomobil bazarında qiymətləri nisbətən uyğunluq təşkil edir. Bilirsiniz ki, sürətlə elektromobillərə keçid artıb və dünyanın prioritetlərindən birinə çevrilib. Azərbaycan istehlakçısı da nəhayət elektromobillərin istehlakına üstünlük verirlər. Bu baxımdan təbiidir ki, Azərbaycan da dünyada baş verən tendensiyanın tərkib hissəsi olaraq öz avtomobil parkını yenilənmiş Çin motifikasiyalarına keçid etməkdə maraqlı görünür”.

Ayşən Vəli