Mediatorlar “Qarabağ gecəsi” təşkil ediblər - FOTOLAR

29 Noyabr 2024 04:15 (UTC+04:00)

Noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayı keçirilir. SİA xəbər verir ki, Beynəlxalq Qurultay çərçivəsində “Qarabağ gecəsi” təşkil edilib.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların ruhunu yad ediblər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımız barədə videomateriallar nümayiş olunub.

“Qarabağ gecəsi”nin rəsmi açılış mərasimini giriş nitqi ilə başlayan Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən danışıb və Qarabağın hər bir azərbaycanlı üçün qürur və şərəf yeri olduğunu qeyd edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda sülhün bərqərar olmasını qeyd edib və bildirib ki, işğaldan azad olunan torpaqlarımızda abadlıq və quruculuq prosesləri ölkə başçısının birbaşa diqqəti ilə aparılır. Qarabağ artıq nəinki Azərbaycanın, həmçinin dünyanın gözünə çevrilir. Bu gün məcburi köçkünlər öz doğma el-obalarına qayıdır, doğma torpaqlarına geri dönürlər.

S.Əliyeva qeyd edib ki, Ombudsman Aparatı hər zaman Ermənistan terroruna məruz qalan Azərbaycan vətəndaşlarının hüquqlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynayıb və hər zaman Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması sahəsində iş aparıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın apardıqları siyasət regionda sülhün təminatçısıdır. Diplomat Türkiyə-Azərbaycan münasibətləri barədə məlumat verərək bildirib ki, mediatorların Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində ən yüksək səviyyədə əməkdaşlıq qurması bu əlaqələrin müsbət nümunələrindən biridir.

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel Qarabağ gecəsinin Ankarada keçirilməsindən və bu gecədə Türk Dünyası Mediatorlar Birliyinin də Azərbaycan mediatorlarının təşkilati məsələlərdə dəstək vermələrindən məmnun olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan Respublikasını təmsil edən, Mediasiya Şurasının üzvü olan 85 peşəkar mediatorla birgə 16 ölkədən Qurultayda təmsil olunan mediatorların da Qarabağ gecəsində iştirakı qürurvericidir.

“Qarabağ gecəsi”ndə milli musiqilər mediatorlar tərəfindən ifa edilib. Həmçinin Azərbaycanı təmsil edən peşəkar müğənni Aytac Cəfərova və pianoçu Rövşən Yusifov Azərbaycan və türk musiqiləri ilə gecəyə əlavə rəng qatıblar.