“Virusa yoluxduqda ilkin müalicədə antibotik istifadə etmək olmaz“ - HƏKİM

28 Noyabr 2024 17:13 (UTC+04:00)

“Payız-qış mövsümü respirator infeksiyaların yayılması üçün uyğun mövsümdür. Yəni bu mövsümdə bu cür infeksiyalar çox yayılır. Respirator infeksiya dedikdə qrip, paraqrip, Covid və s. viruslar ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, bu infeksiyaların hər birinin ortaq əlamətləri var: “Belə ki, bu viruslar burun axması, halsızlıq, boğaz ağrısı, ishal ilə müşahidə olunur və həm uşaq, həm də böyüklər arasında geniş yayılır. Xüsusilə də məktəb və bağçalarda uşaqlar arasında bu viruslar daha sürətlə yayılır. Virusların ortaq xüsusiyyətləri olduğundan yalnız analiz verildikdən sonra hansı virus olduğu müəyyənləşdirilə bilər. Baxmayaraq ki, insanlar bir çox hallarda hansı virusa yoluxduqlarını ayırd etməkdə çətinlik çəkir və ya həkimə gec gedirlər, lakin virusdan qorunmaq üçün müəyyən addımlar atırlar. Belə ki, virusa yoluxduqda ilkin müalicədə antibotik istifadə etmək olmaz, ev şəaritində istirahət etmək isə vacib şərtdir. Xəstəlik ağırlaşdıqda isə mütləq həkimə müraciət etmək lazımdır”.