İstər ölkəmizdə, istərsə də xarici ölkələrdə hansısa trol və ya beynəlxalq təşkilatın nümayəndəsi, eləcə də dövlət rəsmisi Azərbaycan haqqında şər və böhtanlar səsləndirəndə Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, İsa Qəmbər və xaricdəki antimilli ünsürlər məmnunluq hissi keçirirlər. Başlayırlar o qeyd olunan uydurma böhtanlar əsasında statuslar paylaşmağa. Hətta o dərəcədə həyəcanlanırlar ki, özlərini həmin böhtanların əsas təqdimatçıları olaraq göstərirlər. Yəni demək istəyirlər ki, xaricdəki antimilli qüvvələrin böhtanlarının hesabat formasında yayılmasında onların da rolu olub. Belə fəxarət hissi keçirmək utancvericidir. Çünki ölkəsinə qarşı həqarətlərin bir hissəsi olmaq və bundan sevinc yaşamaq rüsavayçılıqdır. Görünür bu kimi fəaliyyətin nəticəsində yeni qrantlar alır və mənəvi dəstək əldə edirlər. Məhz qrant xatirinə istənilən xarici məkrli dairənin, o cümlədən erməni lobbisinin Azərbaycanla bağlı şər və böhtanlarına dəstək verir və yayılan dezinformasiyaların Azərbaycan cəmiyyətinə çatdırılmasında yüksək fəallıq göstərirlər.
AXCP-nin trolları yeni dezinformasiyalar yaymaq taktikasına yiyələnirlər
AXCP sədri Əli Kərimli dağıdıcı müxalifət düşərgəsində bütün yaramaz fəaliyyətlərin önündə olmağa can atır. Rəhbərlik etdiyi partiyada trolların sayının çox olması da digər pozucu qüvvələrdən fərqlənmək niyyətindən irəli gəlir. Trolların işi isə sosial şəbəkələr vasitəsi ilə Ə.Kərimlinin xarici qüvvələrdən aldığı təxribat xarakterli məlumatlarını, əndərəbadi videolarını paylaşmaqdan ibarətdir. Demək olar ki, heç bir trolun özünün müstəqil fikri və mövqeyi yoxdur. Onlar yalnız Ə.Kərimlinin vatçapda yaratdığı qruplarda paylaşılan videoları və statuslara heç bir əlavələr etmədən sosial şəbəkələrdə yaymağa məcbur edilirlər. Əks halda birinci xəbərdarlıqda vatçapda yaradılan qrupdan çıxarılır, ikinci cəzada isə partiya sıralarından xaric edilmək problemi ilə üzləşirlər. Ona görə də, cəbhəçi trollar tapşırıqları səhvsiz yerinə yetirməyə çalışırlar.
Bu günlər trolların işləri birəbeş artıb. Bu da Bakıda yüksək səviyyədə baş tutan COP29 konfransı ilə bağlıdır. Trollar COP29 konfransı ərəfəsi və konfransın keçirildiyi dönəm bütün mümkün vasitə və üsullardan istifadə etməklə tədbirin işinə əngəllər yaratmağa, əldə olunan uğurlu qərarlara kölgə yaratmağa cəhdlər göstərdilər. Məkrli planları nəticəsiz qalsa da, Ə.Kərimli işlərindən məmnun qaldıqlarını bəyan edib. O özünün sosial şəbəkə hesabında qeyd edib ki, Milli Şura və AXCP üzvləri COP29-la bağlı hansı məsələləri yerinə yetirmək lazım gəlirdisə, onu mümkün qədər icra etməyə nail olublar. Hətta Ə.Kərimli COP29 konfransında üzərlərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdiklərinə görə, ABŞ və Avropadakı müəyyən dostları tərəfindən təşəkkür məktubları da aldıqlarını gizlətməyib.
Əli Kərimli Ellen Borku yeni ağası hesab edir
Əli Kərimli trollarına xarici qüvvələrin yanında "hörmət-izzət" sahibi olan məxluq kimi təqdim etmək üçün ironiya ilə qarşılanan status paylaşıb. Yazıb ki, guya Almaniyanın faşist dərnəyinin əsas aparıcı simasızlarından olan Frenk Şveber AXCP haqqında müsbət fikirdədir. Əli Kərimli Corc W. Buş Prezident Mərkəzinin əməkdaşı, ermənipərəst Ellen Borkun da onunla bağlı müsbət fikirlərə malik olduğunu qeyd edib: "Ellen Bork mənim "The Economist" jurnalında yazdığım məqaləmi yüksək dəyərləndirib". Ə.Kərimlinin sözlərinə görə, Ellen Bork müxalifət partiyası olan AXCP-yə dəstəyin göstərilməsini istəyib.
Qeyd etmək lazımdır ki, Ellen Bork ABŞ-da erməni lobbisinin əsas dayaqlarından hesab olunur. 44 günlük Vətən müharibəsində bədbəxt günlər yaşayan ermənilərə siyasi, iqtisadi dəstək göstərib. Konqresə müraciət edərək Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə qarşı çıxan şəxslərin başında durub. Belə bir bədxah məxluqun Ə.Kərimliyə hansısa dəstəyi göstərməsi təəccüblü görünmür. Cinayətkarın əqidəli, sağlam düşüncəli insanla dostluq və yoldaşlıq etməsi mümkün deyil. Yəni el məsəlində deyildiyi kimi, "tay axtarıb, tayını tapar". Bir ermənipərəst məxluq digər dağıdıcı ünsürlə tapışırsa və əməkdaşlıq etməyə qərar verirsə, bu, heç də təəccüblü görünmür. Bu baxımdan demək olar ki, Ellen Bork Ə.Kərimlinin yeni ağalarından biri hesab oluna bilər. Onların əməkdaşlıq münasibətləri nə qədər davam edəcəyi isə sual doğurur. Cavab aydındır: Nə qədər Ə.Kərimli Azərbaycan haqqında Ellen Borka "donos"lar göndərəcək və qarşılığında ermənipərəst Ellen Bork Ə.Kərimliyə lazımi qədər maliyyə yardımları göstərəcəksə, münasibətlər o zamana qədər davam edəcək. "Donos" olmasa və pul gəlməsə əməkdaşlıq əlaqələri dayandırılacaq.
İLHAM ƏLİYEV