"Ölkəmizdə sürücü peşəkarlığı çox aşağı səviyyədədir" - EKSPERT TƏNQİD ETDİ

28 Noyabr 2024 16:10 (UTC+04:00)

“Qəzaların baş verməsinin bir çox səbəbləri var. Hansı ki, bu səbəblər illərdir ölkəmizdə var və heç bir dəyişiklik yoxdur. Burada həm insan amili, həm də şəraitlə bağlı müəyyən problemlər var. Azərbaycanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı ciddi qüsurlar var”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, ölkəmizdə sürücü peşəkarlığı çox aşağı səviyyədədir: “Bunun əsas səbəbi isə sürücü təhsili ilə bağlı olan qüsurlardır və bu prosesi təkmilləşdirmək lazımdır. 2018-ci ilin dekabrın Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramı qəbul olunmuşdu və 2019-2023-cü illəri əhatə edirdi. Bu proqramda bütün səbəblər öz əksini tapmışdı və məhz ölkəmizdə birbaşa olaraq məsuliyyətli yol hərəkəti iştirakçısı hazırlamağa yönəlmişdi. Bu isə ilk olaraq sürücü hazırlığından başlayırdı. Proqramda da göstərilirdi ki, təlimçilərin yetişdirilməsi ilə bağlı belə mühüm işlər görülməlidir. Eyni zamanda nəqliyyat parkımız da yaxşı vəziyyətdə deyil.

Dünən Tovuzda baş verən yol nəqliyyat hadisəsində də 1970-ci illərin modeli olan avtomobil iştirak edib və həmin avtomobildə olan 5 nəfərin hər biri dünyasını dəyişib. Buna görə də utilizasiya prosesi sürətləndirilməlidir, bu məsələyə ciddi yanaşmaq lazımdır. Həmçinin piyada olaraq da davranışlarımızda problemlər var. Belə ki, piyadaların bir çox məsuliyyətsizlik edərək həm özləri, həm də digər iştirakçıların taleyini sual altında qoyur, təhlükəyə atırlar. Eyni zamanda bir çox yerlərdə gecə işıqlandırılması yaxşı vəziyyətdə deyil, işıqforlar köhnədir. Buna görə də bir çox ərazidə bütöv yol infrastrukturu yenilənməlidir”.