Xankəndidə oftalmoloji səyyar müayinələr - FOTOLAR

28 Noyabr 2024 15:49 (UTC+04:00)

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbyacan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Xankəndi şəhərində ikigünlük oftalmoloji tibbi müayinələr təşkil edilib. SİA xəbər verir ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçirilən ikigünlük səyyar müayinələrin başlıca məqsədi vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Oftalmoloq Lamiyə Həsənzadə bildirib ki, səyyar klinikada ən müasir növ oftalmoloji aparatlar mövcuddur və bunun sayəsində pasiyentlərə dəqiq diaqnoz qoyulur. Tibbi aksiyanın ilk günündə 50-dən çox vətəndaş oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda refraksiya patologiyası, quru göz sindromu, allergik konyunktivit, katarakta və digər diaqnozlar qoyularaq müalicə təyin edilib.

Aksiya zamanı qeyd olunub ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub.

Qeyd edək ki, işğaldan azad olunan digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.