Polşa NATO-nu Ukraynaya qoşun göndərməməyə çağırıb

28 Noyabr 2024 13:42 (UTC+04:00)

Ukrayna-Rusiya müharibəsinin hazırkı mərhələsində NATO ölkələrinin, xüsusən də Polşanın öz qoşunlarını Ukraynaya göndərməsi yanlış addım olardı. SİA xəbər verir ki, bu fikri Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yatsek Severa “Radio Zet” radiostansiyasının efirində söyləyib. O deyib ki, Ukraynaya hərbçilərin göndərilməsi Polşanın imicinə mənfi təsir göstərəcək: “Yəni, bu, Ukraynanın bölünməsi ilə bağlı Rusiya ilə danışıqlara cəhd kimi qiymətləndirilə bilər”.

Eyni zamanda, Yatsek Severa hesab edir ki, NATO Kiyevə silah tədarükünü davam etdirməli və Rusiyaya təzyiqləri artırmalıdır.

Noyabrın 25-də Fransanın “Le Monde” qəzeti Avropa ölkələrinin Ukraynaya qoşun və ya özəl hərbi şirkət döyüşçülərinin göndərilməsi ilə əlaqədar müzakirələri bərpa etdiyini yazıb. Bu, 2025-ci il yanvarın 20-də ABŞ-ın dövlət başçısı vəzifəsinə başladıqdan sonra Donald Trampın Ukraynanı dəstəkləməkdən imtina etməsi ehtimalı ilə izah olunur.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bildirib ki, xarici hərbi kontingentlərin Ukraynada görünməsi son dərəcə mənfi və qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər.