Bu gün biz tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb. Minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 82 faiz artıb. SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Sosial ödənişlərlə bağlı islahatların ardıcıl xarakter daşıdığını söyləyən Anar Əliyev deyib: “Beşinci sosial islahat zərfində də bu istiqamətdə islahatlar nəzərdə tutulub. Büdcədə bunun da maliyyə təminatı müəyyən edilib. Əmək pensiyaları sahəsində də geniş islahatlarımız olub. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artıb. Müavinət və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin məbləği 5 dəfə artıb. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımının orta məbləği 2,7 dəfə artıb və bu proqramın həyata keçirilməsinə də büdcədə artımla vəsait nəzərdə tutulub”.