"Hərbi ekspertin bu addımı qəbul edilə bilməz və bağışlanmazdır" - ŞƏRH EDİLDİ

28 Noyabr 2024 12:46 (UTC+04:00)

"Bu günlərdə hərbi ekspert Ədalət Verdiyevin tutulması haqqında xəbərlər yayıldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, məlum oldu ki, o, dövlət sirrini yayıb: "Buna görə də, prokurorluq tərəfindən həbs-qətimkan tədbiri seçildi və cinayət məsuliyyətinə cəlb olundu. Ədalət Verdiyev hərbi ekspert kimi artıq bir neçə ildir ki, fəaliyyət göstərir. O, dövlət sirrinin nə olduğunu çox gözəl bilir. Bunun da təsadüfən yayılmasına görə unutqanlığa yol verdiyi inandırıcı gəlmir. Çünki adi vətəndaş nəyisə çəkib yayarsa, onu başa düşmək olar. Ancaq Ədalət Verdiyev kimi təcrübəli hərbiçi, indi isə hərbi ekspert olan adamın belə məlumatı yayması heç cür qəbul edilə bilməz və bağışlanmazdır. Dövlət sirri haqqında da vaxtaşırı, dəfələrlə televiziyada, saytlarda həm maarifləndirmə söhbətləri aparılıb, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatlarında bildirilir ki, Qarabağa səfər edən adamlar orada hərbi obyektləri, postları çəkib paylaşmasınlar. Hərbi texnikanın yerləşdiyi yerləri göstərməsinlər. Bu, dəfələrlə olub. Yəni bunu da vətəndaşlar bilir. Ancaq hərbi ekspertin belə məlumatları yayması heç cür qəbul edilə bilməz. Nə üçün yayıbsa, bunlar hamısı istintaqda aydınlaşacaq".

"Ədalət Verdiyev Ermənistanda, Yerevanda da olmuşdu, paylaşımlar etmişdi. Orada öz yaşadıqları evləri çəkib göstərmişdi, erməni dilini də yaxşı bilir. Onun da müəyyən xidmətləri olmuşdu. Ancaq bu hərəkət heç cür bağışlana bilməz. Hesab edirəm ki, istintaq çox şeylərin üstünü açacaq, bilmədiyimiz məsələlərə də aydınlıq gələcək. Necə deyərlər, həmişə hamı danışanda da, nəyisə çəkib paylaşanda da ehtiyatlı olmalıdır ki, bizim dövlətimizin təhlükəsizliyinə xələl gətirir, yoxsa yox. Hər əlində telefon olan adam sərhəd yerlərində çəkilişlər aparır, Qarabağı görməyən adamlar oraya gedib çəkirlər. Bu, təbiidir. Ancaq hərbi obyektlərin, hərbi texnikanın, postların çəkilməsi qəti qadağandır. Dəfələrlə müvafiq orqanlar məlumat veriblər, elan veriblər. Bunu bilməyən sıravi adam olsa, başa düşmək olar. Ancaq təcrübəli insanın yayması görünür, nədənsə xəbər verir" - deyə o, əlavə edib.