SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və “SABAH.academy” MMC arasında anlaşma memorandumu imzalanıb. BANM-dən SİA-ya bildirilib ki, memorandum çərçivəsində ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib-hazırlanması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı dəstəyin göstərilməsi planlaşdırılır. Bununla yanaşı, BANM tələbələri üçün istehsalat təcrübələrinin, “Sahibkarlığa giriş kursu”nun və hakatonun təşkili, təlim və treninqlərin keçirilməsi, eləcə də əməkdaşlarının müvafiq təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, gələcəkdə yaradılacaq “Sabah City” texnoparkında ali məktəbin də iştirak etmək niyyətində olduğunu bildirib. Habelə SABAH.HUB-ın dəstəyilə yaradılmış “Baku ID” İnnovasiya Festivalında BANM-in hər iki komandasının 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyünü xatırladıb.
SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlı əməkdaşlığa görə təşəkkürünü bildirərək deyib: “Əlbəttə ki, ilk gəldiyimiz yer BANM olmalı idi. Biz bu tərəfdaşlığın daha da inkişaf etməsinə ümid bəsləyir, gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq”.
Memorandumu rektor Elmar Qasımov və baş icraçı direktor Rəhim Bayramlı imzalayıblar.
İmzalanma mərasimində SABAH.HUB-ın İdarə Heyətinin üzvü Fərhad Paşayev, BANM-in administrativ heyəti də iştirak edib.