Araz Paşayev İcraiyyə Komitəsinin üzvü seçilib - FOTOLAR

28 Noyabr 2024 12:21 (UTC+04:00)

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib. SİA xəbər verir ki, noyabrın 26-27-də Monteneqroda keçirilən konfrasda Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezident, vitse-prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib.

Qapalı səsvermə nəticəsində İrlandiya Müəllimlər Birliyinin sədri Con Makqabhann dörd illik müddətə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti seçilib. Danimarka, Böyük Britaniya, Fransa, Serbiya, Polşa və İspaniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri vitse-prezident vəzifəsinə seçilib.

ATİAHİ-nin Respublika Komitəsinin sədri Araz Paşayev isə 2025-2028-ci illər üçün İcraiyyə Komitəsinin üzvü seçilib.

Qeyd edək ki, konfransın əsas mövzusu “Sosial Avropada dövlət təhsilinin gələcəyi uğrunda mübarizə” olub.

Tədbirdə həmkarlar ittifaqlarının gücləndirilməsi, dövlət təhsilinin hər kəs üçün əlçatan və keyfiyyətli olması, ədalətli və inklüziv təhsil, təhsildə rəqəmsal alətlərin və süni intellektin təsirləri, eləcə də mühafizəkar ideologiyalara qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunub.

Eyni zamanda konfrans çərçivəsində təşkilatın son dörd illik fəaliyyəti və auditor hesabatları nəzərdən keçirilib, 2025-2028-ci illər üçün strateji fəaliyyət proqramı və büdcə qəbul edilib.