Borca verilmiş pulu necə geri almaq olar? - DETALLAR BƏLLİ OLDU

28 Noyabr 2024 11:37 (UTC+04:00)

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borcalan borcu borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında AR Vəkillər Kollegiyasının üzvü Aysel Seyidova deyib.
Aysel Seyidova sözlərinə belə davam edib: “Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər və borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən müəyyən müddətə verilmiş borcun vaxtından əvvəl qaytarılmasını da tələb edə bilər:

borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; borcun hissə-hissə qaytarılmasını nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun 90 gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 gündən az olmamaqla); borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda.
Burda əsas diqqət yetiriləcək məsələ borc müqaviləsinin hansı formada bağlanmasıdır.
Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

Gələcəkdə borc alan borcu qaytarmaqdan boyun qaçırdıqda, borc verən pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Lakin borc müqaviləsi şifahi formada bağlandıqda həmin müqaviləni məhkəmədə sübut etmək çətindir. Yazılı müqavilə isə, xüsusilə də notarial müqavilənin olması sübut əhəmiyyəti daşıyır. Buna görə borc müqaviləsini yazılı, əsasən də notarial qaydada bağlanmasını məsləhət görürük. Xüsusən AR Mülki Məcəlləsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu artıq qanunvericiliyin zəruri tələbidir”.

Ayşən Vəli