“Ölkəmizdə peşə təhsilinin inkişafı prioritet olaraq qəbul edilib. Dövlət başçısı İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla ölkəmizdə texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı qəbul olunub. Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində bütövlükdə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunun inkişafına yönəlmiş islahatlar, əməkbazarı üçün rəqabətə davamlı peşəkar kadr hazırlığının formalaşdırılması və yeni yaradılmış iqtisadi sektorlar üzrə əmək bazarının tələbləri nəzərə alınmaqla peşə təhsilinə daha çox diqqət ayrılması zəruri hal almışdır”. Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsili üzrə Dövlət Agentliyi sözügedən istiqamətdəki işləri yüksək səviyyədə həyata keçirir: “Agentliyin yaradılması da cənab Prezidentin müvafiq fərmanı ilə reallaşmışdır. Eyni zamanda burada qabaqcıl təcrübənin öyrənilməsi, ölkəmiz üçün stratejik əhəmiyyət kəsb edən peşə istiqamətləri üzrə kadr hazırlığının həyata keçirilməsi məsələləri hər zaman diqqətdə saxlanılıb.
Dövlət başçısının 2016-cı ildə imzalanan müvafiq fərmanı ilə Azərbaycan Respublikasında peşə təhsili və təlimin inkişafına dair strateji yol xəritəsi adlanır və burada peşə təhsilinin istiqamətlərini şərtləndirəcək strateji baxış dövrlər üzrə konkret məqsədləri hədəfləyirdi. Bu yol xəritəsində qarşıya qoyulmuş hədəflər üzrə görülən işlər davamlı peşə təhsilinin uğurlu gələcəyindən xəbər verir. Ümumilikdə normativ baza yüksək səviyyədədir. Təkcə paytaxtda deyil, regionlarda da müasir peşə təhsili məktəbləri tikilərək istifadəyə verilir. Bütün bunlar kifayət qədər maliyyə tutumlu işlərdir. Həmin müəssisələrdə çalışacaq kadr hazırlığına böyük önəm verilir. Buna görə də peşə təhsilinin yüksək standartlar və peşəkar səviyyədə qurulması, həm də əhali arasında peşə təhsilinə marağı xeyli dərəcədə artırmışdır. Bu da peşə təhsili müəssisələrinə qəbul üçün müraciət edənlərin sayında özünü göstərir”.