Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinin keyfiyyəti artırılır - FOTO

28 Noyabr 2024 10:25 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinin qış mövsümündə fasiləsiz və keyfiyyətli fəaliyyətinə dair hazırlıq işləri görülür. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, maşınların texniki vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılır və qış mövsümündə tibbi xidmətlərin fasiləsiz təmin olunması üçün lazımi tədbirlər görülür.

Bu il təcili tibbi yardım çağırışlarının sayında keçən illə müqayisədə əhəmiyyətli artım olub. Belə ki, ötən il daxil olan zənglərin sayı 28 min olduğu halda, bu il bu rəqəm 43 minə çatıb. Bu artım xəstəliklərin çoxalması ilə deyil, təcili tibbi yardım xidmətinin optimallaşdırılması və əhalinin ehtiyaclarına daha operativ cavab verilməsi ilə əlaqədardır.

Qeyd edək ki, Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti çərçivəsində geolokasiya sisteminin genişləndirilməsi nəzərdə tutulub. 8 lokasiyadan ibarət olan yardım məntəqələrinin sayının növbəti illərdə 30-a çatdırılması planlaşdırılıb. Bu genişləndirmə tibbi xidmətin daha əlçatan olmasını təmin etməklə yanaşı, çağırışlara daha sürətli cavab verilməsinə imkan yaradacaq.