İspaniyalı deputat Fələstinə dəstək vermək üçün aclıq aksiyası keçirəcək

27 Noyabr 2024 20:37 (UTC+04:00)

İspaniya millət vəkili Xorxe Pueyo Fələstinə dəstək vermək üçün 29 noyabra qədər aclıq aksiyası keçirəcəyini bəyan edib. O, parlamentdə təşkil etdiyi mətbuat konfransında seçildiyi bölgə olan İspaniyanın Araqon muxtar bölgəsində fəaliyyət göstərən Araqon Fələstin Evi və Qüds Cəmiyyətinin 19 noyabrda başlatdığı aclıq aksiyasını dəstəklədiyini bildirib.

"Həyatda və siyasətdə sözlərin kifayət etmədiyi, nümunə olmağın vacib olduğu zamanlar var" deyən ispan millət vəkili Fələstinə dəstək məqsədilə dünən başladığı aclıq aksiyasını 29 noyabra qədər davam etdirəcəyini vurğulayıb. Xorxe Pueyo həmçinin "İspaniyanın İsraillə diplomatik və ticari əlaqələri kəsməsini, İsrail Dövlətinə tam silah embarqosu tətbiq edilməsini və Fələstin məsələsinin daha göz önünə daşınmasını" tələb edib.

SİA-nın əldə etdiyi məlumata görə, o, İspaniyada azlıq sol koalisiya hökumətinin üzvü olan Sumar ittifaqının parlament katibinin müavini vəzifəsini icra edir.