FHN-in Gəncə Regional Mərkəzi Göygöl rayonunda müşavirə keçirib - FOTOLAR

27 Noyabr 2024 16:56 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonunda “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda müşavirə keçirilib. Bu barədə SİA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, toplantıda Nazirliyin aidiyyəti yerli qurumlarının, Göygöl Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbirin əhəmiyyətindən danışıb, fövqəladə hallarla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Tədbirdə digər çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürüblər.

Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb.