"Hədsiz bağlılıq övladın müstəqil qərar vermə imkanlarını məhdudlaşdırır" - ŞƏRH EDİLDİ

27 Noyabr 2024 16:06 (UTC+04:00)

"Məsələnin sosioloji tərəfi cəmiyyətlə bağlıdır. Hər bir cəmiyyətin özünəməxsus adət-ənənələri, sadiq qaldığı dəyərlər sistemi, orada formalaşmış, qəbul olunmuş sosial normalar var". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, bu baxımdan cəmiyyətlər də əslində bir-birindən fərqlidir: "Biz Azərbaycan cəmiyyətindəki övlad-valideyn münasibətlərini, onlar arasındakı bağlılıq məsələlərini Qərb ölkəsi ilə müqayisə etdikdə müəyyən fərqlərin ortaya çıxdığını görə bilirik. Bu, əslində ciddi problemdir. Ona görə ki, övladın valideynə, valideynin övlada hədsiz bağlılığı bir tərəfdən müsbət haldır. Müsbətdir ona görə ki, bu, mənəvi bağlılıqdır, bir tərəfdən də ailə institutunun möhkəmlənməsinə müsbət təsir edir. Amma digər tərəfdən baxdıqda hədsiz bağlılıq həm valideyn, həm də övlad üçün müəyyən mənfi nəticələr də doğura bilər.

Mənfi nəticələr odur ki, hədsiz bağlılıq valideynlərdə belə bir düşüncə formalaşdırır ki, övlad həmişə onun yanında olmalıdır, onun müəyyən etdiyi qaydalarla həyatını davam etməlidir. Övlad isə fərqli həyat tərzinə meyl etdikdə, ailə qurduqda valideynlərin arzularını nəzərə almadıqda ortaya müəyyən problemlər çıxır. Çünki hədsiz bağlılıq övladın müstəqil qərar vermə imkanlarını məhdudlaşdırır. Valideynlərdə belə bir düşüncə formalaşır ki, övlad onundursa, onunla bağlı istədiyi qərarı verə bilər. Övlad da valideynin arzu-istəklərini nəzərə alaraq addım atmalıdır. Bu, valideynlərlə övladlar arasında narazılıq yaradır".

"Valideyn-övlad arasında hədsiz bağlılığın övladlara nə kimi mənfi təsirləri ola bilər? Düşünürəm ki, bu da ciddi problemdir. Bu bağlılıq az yaşlardan etibarən övladlarda hər zaman valideyn köməyinə ehtiyac düşüncəsi formalaşdırır. Övlad uşaq yaşlarından hər anda valideynin köməyini hiss edir. Təbii ki, müəyyən tələbatların ödənməsini nəzərdə tutmuruq. Çünki valideynin vəzifələri var. Hər bir valideynin üzərində qanunla müəyyən olunmuş vəzifələr var. Amma hədsiz bağlılıq incə məqamdır ki, valideyn övladının müstəqil şəxsiyyət kimi formalaşmasını düşünməlidir və nəzərə almalıdır. Hədsiz bağlılıq və valideynlərin hər məqamda övladına bu cür yanaşması övladlarda dəstək asılılığı yaradır. Bu isə gələcəkdə hər zaman övladın sonrakı yaş dövrlərində də ona mənfi təsir edən haldır. Çünki övlad sabah hər hansı biznes fəaliyyəti ilə məşğul ola bilər, başqa sferalarda çalışa bilər, seçim situasiyaları ilə qarşılaşdıqca hər zaman valideynini axtaracaq. Bu da nəticədə özgüvən vərdişlərinə qarşıdır.
Valideynlər və övladlar arasındakı ifrat dərəcədə bağlılıq nəticə etibarilə övladlarda özgüvəni zəiflədir. Özgüvən bir fərdin inkişafında, onun şəxsiyyət kimi formalaşmasında, uğurlara imza atmasında böyük rol oynayır. Təəssüf ki, valideynlər bunu düşünməyərək övladlarına ifrat dərəcədə bağlılıq göstərərək özgüvənin zəifləməsinə istəmədən, bilmədən mənfi təsir edirlər" - deyə o, əlavə edib.