"Azərbaycan tədbiri yüksək səviyyədə təşkil etdi" - MÜNASİBƏT BİLDİRİLDİ

27 Noyabr 2024 13:49 (UTC+04:00)

"COP29 tədbirinin Azərbaycanda keçirilməsi 200-dən artıq dövlətin qərarı ilə razılaşdırılmışdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə sona çatdırdı: "Etiraf etməliyik ki, bu tədbirə beynəlxalq aləmdə Qərb koalisiyası təxribat törədirdi. Çalışırdı ki, tədbir yüksək səviyyədə keçirilməsin, Azərbaycanın imicinə xələl gəlsin. Buna baxmayaraq Azərbaycan tədbiri yüksək səviyyədə təşkil etdi, müvafiq qərarlar qəbul edildi. Beynəlxalq aləmdə Azərbaycanın imici bir daha yüksəldi. Baykot çağırışı edən bəzi Qərb dövlətlərinə qoşulan Ermənistan olmuşdu. Ermənistan rəhbərliyinə Azərbaycan tərəfindən rəsmi müraciət olsa da, Ermənistan tərəfi COP29 tədbirində iştirak etmədi, boykot etdi. Bununla da Paşinyan hakimiyyəti Azərbaycanla dinc yaşama prinsipinə əməl etmək istəmir. Əgər Paşinyan Azərbaycanla dinc yaşamaq prinsipinə əməl etmək istəyirsə, COP29-a gəlməklə özünün sülh missiyasını nümayiş etdirmiş olardı. Qərbin çağırışı ilə Paşinyanı himayə edən Qərb koalisiyasının çağırışlarına qoşularaq Paşinyan da boykota getdi. Azərbaycana qarşı olan münasibət qərəzlidir. Paşinyanı hakimiyyətə gətirən Qərb başda ABŞ olmaqla Cənubi Qafqazda güclənmək istəyir.

Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. Azərbaycanı təsir dairələrinə salmaq istəyirlər. Ermənistan Qərb, Birləşmiş Ştatlar üçün xüsusi strateji dövlət sayıla bilməz. Çünki Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. Azərbaycan həm Rusiya ilə, həm də İranla sərhəddir. Birləşmiş Ştatlar Azərbaycanı öz təsirinə salıb İrana və Rusiyaya qarşı istifadə etmək istəyir. Bayden hakimiyyəti dövründə də Ermənistandan maksimum istifadə edərkən Azərbaycana qarşı təzyiq etmək istəyirdilər. Paşinyanın əli güclənməlidir ki, Ermənistan üzərindən Azərbaycana növbəti təzyiq kompaniyalarına başlasınlar. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını ancaq Ermənistanın marağına uyğun istəyirlər. Xankəndidən gedən ermənilərin geri qayıtması təşəbbüsünü Birləşmiş Ştatlar və Qərb açıq şəkildə nümayiş etdirir. Bunu da gizlətmirlər.

Paşinyan həm siyasi cəhətdən, həm iqtisadi, həm də hərbi cəhətdən dəstəklənir. Bütün vasitələrlə Azərbaycana təzyiq edirlər ki, Azərbaycan tərəfi Ermənistana güzəştə getsin. Ermənistana böyük miqdarda maliyyə məbləği ayrılır. Bütün beynəlxalq platformalarda Ermənistan haqsız olduğu halda onun müdafiə edilməsini görürük. Ona görə ki, Azərbaycan müstəqil siyasət yürüdür, dövlət və milli maraqlarından çıxış edir. Açıq şəkildə bəyan edilib ki, Azərbaycandan qonşular əleyhinə istifadə edilməyəcək".

"COP29-da Azərbaycan Prezidentinin çıxışı bir daha onu göstərdi ki, Azərbaycan öz problemləri ilə yanaşı beynəlxalq aləmdə gedən proseslərə də biganə deyil.

Qərb dairələrinin Azərbaycana qarşı qərəzli davranışını, açıq şəkildə "Avropa cənnət evidir, digər bölgələr cəngəllikdir" kimi ifadələri bir daha onu göstərir ki, Qərbin beynəlxalq aləmdə qərəzli davranışı açıq görünür. COP29 tədbiri beynəlxalq tədbirdir. Bu tədbir bəşəri problemləri aradan qaldırmaq üçün keçirilir. Azərbaycan buna ev sahibliyi etməklə bir daha dünyadakı problemlərə biganə olmadığını nümayiş etdirdi. Göstərdi ki, böyük dövlətlər bu prosesə biganədir. Ekoloji tarazlığın pozulması kiçik dövlətlərlə yanaşı böyük dövlətlərə də təsir edir.

Bəşəriyyətə vurulan ziyan böyük dövlətlərin sənayesinin inkişafı nəticəsində meydana gəlib. Amma bu problemi aradan qaldırmaq üçün onlar addım atmırlar. Belə tədbirlərin keçirilməsinə boykot çağırışları etməklə bu problemlərə biganə olduqlarını göstərirlər.

COP29 həm də siyasi münasibətləri nümayiş etdirdi. Azərbaycanın müstəqil siyasət yeritməsini mənimsəyə bilməyən böyük dövlətlər qısqanclıqla yanaşır və çalışır ki, bu problemlərə kölgə salınsın. Hesab edirəm ki, bu cür davranışlar fieskoya uğrayacaq. Azərbaycan Prezidentinin apardığı siyasət ədalətlidir. Azərbaycan Prezidenti Cənubi Qafqazda "3+3" ideyasını gündəmə gətirib. Bu ideya regionun inkişafı və tərəqqisi üçün atılan addımdır" - deyə o, əlavə edib.